Accessibility links

Bush administrasiyası İraqdan sonra növbəti addımları müzakirə edir - 2003-04-13


Vaşinqton Post qəzeti yazır ki, administrasiya İraq müharibəsinin sona çatmasından sonra xarici siyasətin hansı istiqamətdə aparılacağını təhlil edir.

“Xarici Siyasət: ABŞ İraqdan sonra növbəti addımları müzakirə edir” adlı məqalədə deyilir ki, Bush administrasiyasının İraq rejimi üzərində qələbə çalmasından sonra prezident və onun milli təhlükəsizlik məsələləri üzrə müşavirləri xarici siyasətdə digər mövcud problemlərin həlli üçün yol axtarırlar. Rəsmilərin bildirdiyinə görə, bu mübahisələrdə hələ İraq müharibəsi başlamazdan əvvəl müəyyən edilmiş cəbhə xətlərinin konturları yenidən görünməyə başlayır, yə’ni, xarici siyasətlə məşğul olan Dövlət departamentinin mövqeyi ilə müharibə aparmaq səlahiyyətləri olan Pentagonun mövqeləri toqquşur. Lakin ABŞ hökümətində hamı bununla razıdır ki, İraq rejiminin belə bir qısa zamanda hakimiyyətdən salınması, Amerikanın ambisiyaları və prezident Buşun “terrora qarşı müharibə” adlandırdığı siyasətin məqsədlərini açıq şəkildə nümayiş etdirir. Bir rəsminin dediyinə görə, ABŞ hərbi qüvvələrinin qələbələri Suriya, İran və Şimali Koreya kimi potensial düşmənları qorxutmalı və onları terrorizmlə əlaqələrini kəsməyə və kütləvi qırğın silahlarını işlətməkdən əl çəkməyə inandırmalıdır. Belə ki, dünya dəyişir və bu yanaşma tərzi ciddi nəticələrə gətirib çıxara bilər. Buna Şimali Koreyanın özünün nüvə silahları proqramını müzakirə etmək üçün Birləşmiş Ştatlarla yalnız təkbətək görüşəcəyi barədə daha əvvəl irəli sürdüyü tələbini dünən geri götürməsi misal ola bilər. Bu isə Birləşmiş Ştatların rəsmi dairələrində İraq rejiminin ABŞ hərbi qüvvələri tərəfindən hakimiyyətdən belə tez bir müddətdə salınmasının tə’siri kimi qələmə verilir. Hazırda Bağdadın gözlənilməz süqutu və Şimali Koreyanın gözlənilməyən əməkdaşlığa hazır olması ABŞ hökümətindəki sərt xətt tərəfdarlarını ruhlandırır. Lakin Amerika siyasətinin son istiqaməti qəzetin yazdığına əsasən, yalnız hökümətin ən yüksək səviyyələrində müəyyən ediləcək. “İraqın qonşularına xəbərdarlıq edilib: ABŞ onların addımlarını izləyir” adlı məqalədə Vaşinqton Post yazır ki, Suriya və İran potensial qaynar nöqtə kimi ön plana çıxıblar. ABŞ rəsmiləri bu ölkələrə onların addımlarını diqqətlə izlədiklərini bildirib. Lakin bu xəbərin nə qədər ciddi şəkildə çatdırılması, habelə, bu dövlətlər tərəfindən bu xəbərin dərk edilib-edilmədiyi barədə Dövlət Departamenti və Müdafiə nazirliyi arasında fikir ayrılığı mövcuddur. Pentagon Suriyanı İraqı qeyri-qanuni silahlandırmaqda ittiham etməklə onu sınağa çəkib. Qəzet bununla yanaşı bildirir ki, Bush administrasiyası İranın İraq məsələsinə qarışmayacağını gözləyir. Eyni zamanda, İranın bu qədər inkişaf etmiş nüvə proqramı barədə daha əvvəl daxil olmuş mə’lumatlar ABŞ rəsmilərini çaşqın vəziyyətdə qoyub. Qəzet yazır ki, ABŞ, İranla nüvə sahəsində əmkdaşlığın məhdudlaşdırılması üçün Rusiya və Çinə təzyiq göstərir.

XS
SM
MD
LG