Accessibility links

ABŞ qəzetləri nə yazır - 2003-05-11


Bu günkü “Vaşinqton Post” qəzeti yazır ki, ABŞ-ın İraqda kütləvi qırğın silahlarının axtarışı ilə məşğul ekspertlərdən ibarət komanda, prezident Səddam Hüseynin qanunsuz silahlar saxladığının sübutunu tapmayaraq, öz işini sona çatdırmağa hazırlaşır. “Ümidləri puça çıxmış ABŞ silahlar komandası İraqı tərk edəcək” adlı məqalədə qəzet yazır ki, bu qrupun ölkəni tərk etməsi gələn ay gözlənilir. Bununla da, müharibənin e’lan edilməsinin ən əsas səbəblərindən birini sübuta yetirməkdə ümidlər boşa çıxır. Bu qrupun tərkibinə müxtəlif sahələrdəki ekspertlər daxildir. Məsələn, buraya biologiya və kimya üzrə, nüvə silahları ekspertləri və kompyuter mütəxəssisləri daxildir. Ekspertlərin bildirdiyinə görə onlar, ABŞ Dövlət Katibi Colin Pouvel’ın BMT-nin Təhlükəsizlik Şurasında fevralın 5-də etdiyi çıxışında təsvir etdiyi İraqın yüzlərlə ton bioloji və kimyavi maddə, onları hədəflərə çatdıracaq raketləri və nüvə bombasının istehsalına dair davam edən proqramın sübutlarını aşkar etməyi gözləyirdilər. Lakin çoxsaylı səmərəsiz axtarış missiyaları onların inamını sarsıdıb. Bush administrasiyası bildirib ki, İraqa yeni komanda göndəriləcək və bu komanda hazırkındən daha böyük olacaq. Lakin hazırkı komandanın daxilindəki bə’zi qruplaşmalar öz hey’ətlərinin üçdə-bir hissəsini artıq evə göndəriblər. Qəzetin yazdığına görə, kəşfiyyat dairələrinin işarə etdikləri obyektlər yoxlanılıb və orada kütləvi qırğın silahları aşkar edilməyib. Bu arada “Nyu York Tayms” qəzeti yazır ki, nüfuzlu Şiə lideri Ayatollah Məhəmməd Bakir Əl-Hakim İranda keçirdiyi sürgündən İraqa qayıdaraq orada Qərbsayaq liberal demokratiyanın quruluşunu ölkənin İslam mədəniyyətinə uyğun gəlmədiyinə görə rədd edib. O bildirib ki, İraq öz qanunlarını İslam prinsipləri əsasında qurmalıdır. Lakin o bildirib ki, İraqın gələcək höküməti bütün etnik və dini qrupları təmsil etməlidir. Qəzetin yazdığına görə o deyib: “Biz, ekstremist İslam istəmirik. Biz Talebansayaq İslam istəmirik. Biz, müstəqil, ədalətli və azad İslam istəyirik.” Bu arada, İraq müharibəsi zamanı bölgəyə 45 min əsgər göndərmiş Britaniya, orada öz hərbi mövcudluğunu azaldmağa başlayır. “Nyu York Tayms"ın yazdığına görə Kraliça İkinci Yelizaveta bölgədən qayıdan britaniyalı əsgərlərin qələbə yürüşü təşkil edilməsinin tərəfdarı olmadığını bildirib.

XS
SM
MD
LG