Accessibility links

Çehrəqanini Pentaqonda qəbul etdilər - 2003-06-05


Buş administrasiyası və Konqres İranın nüvə proqramları ətrafında müzakirləri davam etdirdiyi zaman Pentaqonun rəsmi nümayəndələri Cənubi Azərbaycan Milli Oyanış hərəkatının lideri Mahmudəli Çehrəqani ilə görüş keçirdiklərini e’tiraf ediblər. Bu haqda “Vaşinqton Tayms” qəzeti mə’lumatı verir. Rəsmi nümayəndələrin verdikləri bəyanatda görüşün İranda rejimi dəyişdirmək cəhdlərinə dəstək olmadığı bildirilir.

“Vaşinqton tayms” Mahmudəli Çehrəqanini İranda hakim ruhanilərə qarşı müqavimət hərəkatını birləşdirməyə çalışan şəxs adlandırır. Mahmudəli Çehrəqani qəzetə verdiyi müsahibədə Tehrana qarşı siyasi müqavimət yaratmaq üçün İranda bugünkü rejimə müxalifətdə olan digər etnik qruplar, İran kürdləri, bəluclar, türkmənlər və ərəblərin nümayəndələrilə görüşdüyünü deyib. Pentaqonun rəsmi bəyanatına gəldikdə isə burada deyilir ki, Bilrəşmiş Ştatların məsələdə rolu İran xalqına demokratik istəkləri və hüquqlarının tə’min olunmasına nail olmaq üçün dəstəyi nümayiş etdirmək və onların səsinin eşidildiyini bildirməkdən ibarətdir. “Cənab Çehreqani Birləşmiş Ştatlar hökumətinin Tehrana qarşı müxalifətin yaradılması, dəstək verilməsi, ya da buna sövq etdirilməsi üçün məqsədləri deyil, imkanları müzakirə etdiyi İranlılardan biridir.” Mahmudəli Çehreqani Birləşmiş Ştatların Dövlət Departamenti, Konqres və indi artıq Pentaqonda keçirdiyi görüşlərdə İranda rejimi dəyişdirib demokratik, dünyəviçi quruluşun yaradılması tərəfdarı olduğunu deyir. Mahdmudəli bəy, görüşlərdə Amerikanın siyasi dəstəyini hiss etdiyini də bildirir. 1979-cu ildən Tehranla diplomatik münasibətlərini kəsən Birləşmiş Ştatlar son zamanlar İrana qarşı tənqidləri gücləndirib. Amerika Tehranı nüvə silahı istehsal etməkdə və terrorizmi dəstəkləməkdə, habelə İraqda güclü olan şiə icmasının işlərinə qarışmaqla ABŞ-ın ölkəni bərpa etmək sə’ylərinə mane olmaqda ittiham edir. Mütəxəssislər İran hökumətinə təzyiqlərin artırıldığı bir vaxt dissidentlər, o cümlədən, Mahmudəli Çehreqaninin qrupu kimi təşkilatlarla işi Birləşmiş Ştatların marağında olduğunu deyirlər. Corc Taun universitetinin professoru, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Söhrab Sübhani hələlik konkret hansı addımın atılacağının mə’lum olmadığı bir şəratidə Amerikanın müxtəlif qrupların nümayəndələrinə marağın olduğunu deyir və doktor Çehrəqaniyə marağın səbəblərini göstərir. Hələlik Vaşinqton İranlı dissidentlər və rejimə müxalif olan siyasi qruplarla görüşləri davam etdirir. Bununla belə, İranda vəziyyətin qeyri-sabit olduğunu e’tiraf edən təhlilçilər hesab edirlər ki, etnik müxalifətin nümayəndələrini məsələyə güclü şəkildə cəlb etmək ölkədə tam qarışıqlığın yaradılmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG