Accessibility links

Moskva partlayışında ölənlərin sayı artmaqdadır - 2003-07-06


Moskvada rok musiqi festivalı zamanı baş verən partlayışlar nəticəsində ölənlərin sayı iki hücumçu qadın daxil olmaqla, 18-ə çatıb. Rusiyanın rəsmi nümayəndələri paytaxtda təhlükəsliyi gücləndirəcəyi və hücumun məs’ullarını ədalət məhkəməsi qarşısına çıxaracaqlarına söz veriblər.Hücum nəticəsində yaralanan 48 adamın müalicə edildiyi xəstəxanada təhlükəszlik tədbirləri gücləndirilib. Bu insanlar iki qadının bellərinə bağladıqları partlayıcı qurğunun şrapnellərindən yaralanmışlar. Partlayışlar populyar rok festivalında iştirak etməyə toplaşanların qapıdan içəri keçdikləri vaxt baş vermişdi. Hadisədən bir gün keçsə də heç kim hücumun məs’uliyyətini üzərinə almamışdır.Lakin Rusiyanın rəsmi nümayəndələri hücumun arxasında çeçen separatistlərinin durduğundan şübhələnirlər. Onların dediyinə görə məqsəd ilin axırında Çeçenistanda keçiriləcək prezident və parlament seçkilərinə maneə törətməkdir. Lakin Çeçenistanın rəqib liderləri bu ittihamları rədd edərək, hücumda əlləri olmadıqlarını bildirirlər.Rusiyanın daxili işlər naziri Boris Qrızlov 10 milyon sakini olan Moskvada əhalini təmkinli olmağa səsləmişdir. Cənab Qrızlov demişdir ki, hücumun məs’ulları cavab verməli olacaqlar. Rəsmi nümayəndələr deyirlər ki, hücumçular konsertə daxil olsaydılar, 40 min adam arasında ölənlərin sayı qat-qat artıq ola bilərdi. Onlar qapıdan özlərini şübhəli apardıqları üçün polis tərəfindən qaytarılmışdılar. Bundan az sonra ön qapı yaxınlığında bu iki qadın özlərini partlatmışdı. Dünənki hücum dünya ölkələri tərəfindən kəskin pislənmişdir. Rusiya radiosu həlak olanların xatirəsinə Moskvanın kilsəsində xüsusi mərasim təşkil ediləcəyini e’lan etmişdir.

XS
SM
MD
LG