Accessibility links

Rusiyada investisiya iqlimi səhmdarları hələ də çəkindirməkdədir - 2003-07-20


Rusiyada dövlətə məxsus əmlakın özəlləşdirilməsi prosesinin gedişi ölkənin işgüzar dairələrində müzakirələrin diqqət mərkəzindədir. Bu yaxınlarda baş nazir Mixail Kasyanov kabinetinin üzvlərilə görüşdə bəyan etmişdir ki, özəlləşdirmə prosesinin gedişində dəyişikliklər olmayacaq. “Biz inanırıq və həmişə də inanırdıq ki, ölkədə əvvəlki illər gedən özəllşdirmədə dəyişiklik ola bilməz”-deyə baş nazir qeyd etmişdir. Bununla belə, Rusiyanın nəhəng neft şirkətlərinə qarşı son aksiyaları biznes dairələrində narahatlığa səbəb olmuşdur. Ölkənin əsas neft istehsal edən şirkətlərdən biri olan “Yukos”a qarşı hökumət tərəfindən həyata keçirilən aksiyalar biznes liderləri və investorlar üçün bir həyəcan siqnalı olmuşdur. Son iki həftədə hökumətin təhqiqatçıları maskalar geyərək şirkətdə axtarış aparmışlar. Uzun sürən təhqiqat zamanı “Yukos”un arxivləri yoxlanmış və şirkətin əsas aksioneri dövləti aldatmaq ittihamı ilə həbs edilmişdir. “Yukos”un baş icraedici direktoru Mixail Xodorkovski təhqiqatın suallarına cavab verməli olmuşdur. Çərşənbə günü Birləşmiş Ştatlara işgüzar səfərdən qayıdan Xodorkovski “Yukos”a qarşı aksiyanın siyasi motivlərə əsaslandığına dair dəlilləri rədd etmişdir. Bununla belə, Mixail Xodorovski “Exo Moskvı” radiosuna müsahibədə xəbərdarlıq etmişdi ki, şirkətə qarşı bu kimi aksiyalar Rusiyadan yeni kapital axınının başlamasına səbəb ola bilər. “Tamamilə yəqindir, biz qərbi nə qədər nandırmağa çalışsaq ki, bu, Rusiyada müvəqqəti bir vəziyyətdir, qərbdə biznes sahəsində bir çox qərarlar tə’xirə salınacaq. Mən hesab edirəm ki, vəziyyəti düzəltmək hələ mümkündür. Bizim vəzifəmiz də ondan ibarətdir ki, ölkədə investisiya atmosferinin tam pozulmaması üçün maksimal hər bir şeyi edək.” Mixail Xodorovski Rusiyanın biznes liderlərini özəlləşdirmə proqramının yolundan dönməməsi üçün əllərindən gələni etməyə çağırır. Rusiyanın aksiya bazarında vəziyyət 1998-ci ildə bir gün işində ağır itkilərdən sonra hələ də düzəlməmişdir. Həmin il aksiyaların dəyəri beş faiz enmiş, “Yukos” aksiyalarının dəyərinin on faizini itirmişdi. Moksvada Renessans Kapital maliyyə şirkətindən təhlilçi Roland Naş baş nazir Kasyanovun özəlləşdirmə ilə bağlı dediklərinə baxmayraq, iqtiadi sahədə gələcəkdə daha pis xəbərlərin olacağından qorxduuğunu deyir. “Baş nazir özəlləşdirmənin yolundan dönməyəcəyini deməyi indi lazım bilirsə, bu, bazarda hazırda nə qədər qorxunun olduğunu deməyə əsas verir. Mən hesab edirəm ki, bu, hələ ən pis vəziyyət deyil. Təsəvvür edirəm, bazarda tənəzzül davam edəcək.” Təhlilçilərin bir çoxu inanır ki, hökumətin “Yukos”a qarşı aksiyaları şirkətin direktoru Mixail Xodorkovskinin artmaqda olan siyasi nüfuzunu məhdudlaşdırmaq sə’ylərinin bir hissəsidir. Rusiyada ən varlı adamlardan biri olan Mixail Xodorkovski prezident Vladimir Putinə mö’tədil müxalifətin tərəfdarı kimi çıxış edir. Prezident Putinin məsələyə qarışmayaraq susmağa üstünlük verməsi isə təhlilçilər və biznes liderləri arasında, sözün əsl mə’nasında narahatlıq keçirdiklərini ifadə edirlər. Onlar hesab edirlər ki, bununla Rusiyada investisiya iqlimi haqda şübhələr arta bilər. Bu, həm də məsələ həll olmayana qədər xarici insvestorları Rusiyada investisiya qoyuluşlarından çəkindirə bilər.

XS
SM
MD
LG