Accessibility links

Ərəb dünyası Səudiyyə Ərəbistanını dəstəkləyir - 2003-07-31


Birləşmiş Ştatlar Konqresinin sentyabrın 11-i terror hücumları ilə bağlı keçən həftə açıqladığı hesabat ərəb dünyasında mübahisələrə səbəb olub. Burada xüsusilə hesabatın Səudiyyə hökumətinin təyyarə qaçıranlardan ikisilə mümkün əlaqələrinə dair hissələri qeyd edilir.

Ərəb ölkələrilə Səudiyyə Ərəbistanı arasında əgər müəyyən fikir ayırlıqları varsa belə, ərəb dünyasında Səudiyyə liderlərinin sentyabrın 11-i təyyarə qaçıranlarla heç bir əlaqəsi olmadığını tə’kidlə rədd etməsi burada tam dəstək tapıb. Konqresin hesabatının ən çox diqqətə səbəb olmuş hissəsində deyilir ki, təyyarə qaçıranlardan ikisi Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunun rəsmilərilə əlaqəsi olan bir tələbədən maliyyə yardımı almışlar. Bu tələbə, hesabata əsasən, Səudiyyə Ərəbistanınından istənilən məbləğdə yardım almaq imkanına malik idi. Buş administrasiyası təhlükəsizlik səbəblərini dəlil gətirərək 28 səhifədən ibarət hesabatı məxfilikdən çıxarmaqdan imtina etmişdir. Səudiyyə Ərəbistanı hökumətin sentyabrın 11-i hücumları ilə hər hansı bir şəkildə rolu olduğu fikrini qətiyyətlə rədd edir. Hesabat açıqlanandan sonra krallığın nümayəndəsi 28 səhifəlik hesabatın ictimaiyyət üçün açıqlanmasına nail olmaq məqsədilə Vaşinqtona səfər etmişdi. Lakin Prezident Buş təhlükəsizlik səbəblərinə görə Səudiyyə Ərəbistanının təklifini qəbul etməmişdir. Ərəb dünyasında hesabat mənfi reaksiyalar doğurmuşdur. Lakin bu münasibət Səudiyyə Ərəbistanına qarşı yönəlməyib. Ərəb mətbuatı üzrə mütəxəssis Səid Sadiq Əminin dediyinə görə, ərəb qəzetləri və televiziya şirkətləri Ər-Riyadın arxasında dayanırlar. “Ərəb mediyası, əsas e’tibarilə Səudiyyə Ərəbistanının tərəfindədir və mətbuat nümayəndələrinin dediyinə görə, bu hesabatı hazırlayanlar krallığı, islamı və bütünlükdə müsəlman dünyasını gözdən salmağa çalışan sionist qrupun işidir. Bunu etmələrinin səbəbi isə onunla bağlıdır ki, Səudiyyə Ərəbistanı regionda çox böyük maliyyə nüfuzu və siyasi nüfuza malikdir. Bütün ərəb ölkələri Səudiyyə Ərəbistanın tərəfindədir.”

Ərəb əlaqələri üzrə ekspert Abdulla əl-Aşaal deyir ki, bə’zi səudiyyəlilərin təyyarə qaçıranlarla əlaqəsi olduğunu təsəvvür etsə belə, hökumətin bu kimi əlaqələri inkar etməsinə inanır. “Əgər bə’zi səudiyyəlilərin bu aksiyada əli varsa, Səudiyyə Ərəbistanı hökumətinin bununla heç bir əlaqəsi yoxdur. Bu, daxili işlər nazirliyi, müdafiə nazirliyi və xarici işlər nazirliyinin bəyanatlarında açıq bildirilib.”

Cənab əl-Aşaal əlavə edir ki, əgər nə vaxtsa Səudiyyə Ərəbistanı hökumətində kiminsə sentyabrın 11-i hücumlarında hər hansı bir rolu olduğu sübuta yetirilsə belə, yalnız bə’zi ərəb ölkələri Səudiyyə Ərəbistanın əleyhinə bir mövqe tuta bilər. Ərəb ölkələri liqasının yüksək səviyyəli bir nümayəndəsi Amerikanın Səsinə bildirib ki, Konqresin hesabatının nəticəsi kimi, heç bir ərəb ölkəsi Səudiyyə Ərəbistanı əleyhinə çıxış etməyib və Ər-Riyadla münasibətlərini yenidən nəzərdən keçirməyə cəhd göstərməyib.

XS
SM
MD
LG