Accessibility links

Buş Amerika iqtisadiyyatının canlandığını deyir - 2003-09-16


Əmək günü ərəfəsində Amerika xalqına radio müraciətində prezident Buş ölkə iqtisadiyyatının canlandığını demişdi. Prezident qeyd etmişdi ki, vergilərin rekord ixtisarı Birləşmiş Ştatların tənəzzülə uğramış iqtisadiyyatını canlandırmağa kömək edir. Buna cavab olaraq, demokratlar prezidentin vergi ixtisarı proqramının çox böyük büdcə defisitinin yaranmasına gətirib çıxaracağını deyirlər. Əmək gününündən əvvəlki həftə sonu amerikalılar xüsusi çeklər almışdılar. Prezidentin dediyi kimi, bu, onun iqtisadi stimullaşdırma yaratmaq üçün irəli sürdüyü vergi ixtisarı planı sayəsində mümkün olmuşdur. Milyonlara Amerika ailəsi indi bu vergi ixtisarı nəticəsində hər uşaq üçün 400 dollarlıq çek almışdır. Corc Buş qeyd etmişdir ki, ümumi hesabla, 13 milyard dollar təşkil edən bu vəsait amerikalılara pul yığmaq, aksiyalar almaq, ya da yeni tədris ili başlanan zaman bu pula lazım olan malları almaq imkanı verir.

“İstehlakçı qabiliyyətinin artması ilə istehsalçılar istehsal etdikləri mallara ehtiyacın artdığını görürlər. Səlm faizlərinin aşağı olması o deməkdir ki, bizneslərin balanası yaxşıdır və ailələr aldıqları evləri yenidən maliyyələşdirməklə milyardalarla dollara qənatə edə bilmişlər. Bu, iqtisadiyyatın canlanmasına işarədir.”

Ən’ənəvi olaraq Əmək günü prezident seçki kampaniyasının başlanğıcı hesab olunur və iqtisadiyyat Corc Buşun yenidən prezident seçilmək üçün kapmaniyasının mərkəzində olacaq. ABŞ prezidenti gələn həftələr ərzində Ohayo, Missuri və İndiana ştatlarına səfər edərək ölkə iqtisadiyyatı və vergi ixtisarlarının stimullaşdırıcı tə’sirindən danışmağı planlaşdırır. Demokrat partiyasının üzvləri qeyd edirlər ki, prezidentin vergi ixtisarı planı ştat səviyyəsində xidmət sahələrinin ixtisarına gətirib çıxarıb. Belə ki, qubernatorlar daha az federal yardım aldıqları üçün öz ştatlarında azalan vergi gəlirlərinə vəsait əlavə edə bilmirlər. Prezidentin həftəlik radio müraciətinə cavab verən Ohayo ştatından demokrat konqresmen Şerrod Broun deyir ki, vergi ixtisarı çox böyük federal büdcə defisitinə gətirib çıxarır. “Prezident Buş demokrat sələfindən ona miras qalmış 5,6 trilyon dollar büdcə gəlirini təxminən 3,3 trilyon dollar məbləgində borca çevirib. Bu, bizdən uşaqlarımıza qalacaq dəhşətli bir yükdür.” Buş administrasiyası hakimiyyətə gələndən Birləşmiş Ştatlar iqtisadiyyatında üç milyondan artıq iş yeri itilmişdir. Bunların 2,5 milyonu istehsal sahəsində olan iş yerləridir. Bu isə öz növbəsində, polad, toxuculuq və avtomobil sahələri də daxil olmaqla, sanaye sahəsində işçi qüvvəsinin 10 faizini təşkil edir. Hazırda Birləşmiş Ştatlarda işsizilik səviyyəsi 6 faiz təşkil edir. Ohayo ştatından konqresmen Braun deyir ki, Buş administrasiyası dövründə təkcə özəl sektorda iki yüz min adam işini itirmişdir. “ Prezident Buş iş yerlərinin bu görünməmiş səviyyədə ixtisarına nə cavab verəcək? Cəmiyyətdə daha imtiyazlı şəxslər üçün daha çox vergi ixtisarı ilə.” Buşun planına əsasən,-deyə konqresmen Braun sözünə davam edir, adi miyonçu vergi ixtisarı nəticəsində 93 min dollar pul aldığı halda, adi amerikalı cəmi 100 dollar alır. Prezident Buş deyir ki, vergi ixtisarı bütün amerikalılar, o cümlədən çox yüksək vergilər ödədikləri üçün varlı adamların pulu geri ala bilmələrinə kömək edir. İş yerlərinə gəldikdə isə, prezident Buşun dediyi kimi, Konqres hərtərəfli enerji planını qəbul etməklə, əsassız məhkəmə işlərinin qarşısını almağa yönəlmiş hüquq islahatlarının həyata keçirilməsilə və digər ölkələrlə azad ticarət haqda yeni müqavilələr imzalamaqla işsizliyin azalmasına yardım edə bilər.

XS
SM
MD
LG