Accessibility links

Gürcüstanın müvəqqəti prezidenti Acariyanın lideri ilə görüşüb - 2003-12-10


Gürcüstanın müvəqqəti prezidenti Nino Burcanadzenin Qara dənizdəki separatçı Acariya regionunun lideri ilə danışıqları sona çatıb. Bu danışıqların əsas məqsədi ötən ay sabiq prezident Eduard Şevardnadzenin hakimiyyətdən salınmasından sonra ölkənin ərazi bütövlüyünü saxlamaq üçün yol tapmaq idi. Hər iki tərəf paytaxt və region arasında dialoqun davam edəcəyinə razılaşıb. Bu arada Tbilisidə çıxış edərkən Mixail Saakaşvili Batumi ilə kompromisə getməyə hazır olduğunu bildirib. Gürcüstanın müvəqqəti prezidenti Nino Burcanadzenin dediyinə görə o, Acariyanın nüfuzlu lideri Aslan Abaşidzeni Acariya sakinlərinin də yanvarın 4-nə planlaşdırılmış prezident seçkilərində iştirak edəcəklərinin vacibliyinə inandıracağına ümid bəsləyir. Cənab Abaşidze daha əvvəl bəyan edib ki, yarımuxtar Acariya regionu səsvermədə iştirak etməyəcək. Həmin seçkidə populyar gürcü lideri Mixail Saakaşvilinin qalib gələcəyi proqnozlaşdırılır. Şevardnadze hökümətinin devrilməsi məhz Saakaşvilinin liderliyi ilə baş verib. Saakaşvili ilə açıqca mübahisə etmiş Acariya lideri həmin devrilməni qeyri-qanuni çevriliş adlandıraraq onu qınayıb. Şevardnadzenin istefasından sonra o, Acariyada fövqəladə vəziyyət elan edib. Bu arada Saakaşvili Abaşidzeni feodal tipli hakim və diktator adlandırıb. Rusiya çərşənbə axşamı günü Gürcüstanın digər regionlarının sakinləri üçün yox, təkcə Acariya vətəndaşları üçün ölkəyə daxil olmalarını əhatə edən viza prosedurlarını yüngülləşdirməsini elan etməsi ilə cənab Abaşidzenin mövqeyinə dəstək verib. Gürcüstanın rəsmiləri bu addımı Gürcüstanın daxili işlərinə müdaxilə adlandıraraq, buna qəzəbli reaksiya verib. Gürcüstanın yeni liderlərinin hakimiyyətə gəlməsindən bəri Rusiya təkcə Acariya deyil Gürcüstandan müstəqilliyini elan edən başqa iki regionun liderləri ilə sıx əlaqə saxlayır. Gürcüstan lideri Acariyaya getməyə hazırlaşarkən Tbilisidə yerləşən mobil telefon şirkətinin ofisi yaxınlığında bir bomba partlayıb. Partlama nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bildirildiyinə görə şirkətə minimal zərər dəyib. Həmin şirkətin sahiblərindən biri Şevardnadzenin kürəkənidir.

XS
SM
MD
LG