Accessibility links

Hovard Din prezident seçkilərində Demokrat partiyasından ən güclü namizəddir - 2004-01-08


Hovard Din prezident seçkilərində Demokrat partiyasından ən güclü namizəddir. Yanvar ayı Amerikada prezident seçkisi kampaniyasının başlanğıcı hesab olunur. Bu ay Ayova və Nyu Hempşir ştatlarında Demokrat partiyasının üzvlərinin konfranslarında prtiyadan prezidentliyə namizədlərin seçilməsi başlayır. Məhz bu konfranslarda 2004-cü ilin noyabrında prezident Buşla mübarizəyə kimin gedəcəyi bəlli olacaq. Dünən Ayova ştatında keçirilmiş debatlar Vermont ştatının keçmiş qubernatoru Hovard Dinin Demokrat partiyasından yenə də ən güclü namizəd olduğunu göstərdi. Hovard Dinin 55 yaşı var. Nyu Yorkda anadan olmuşdur. Universitetin tibb fakültəsini bitirərək həkim diplomu almışdır. Nyu Yorkdan sonra Vermont ştatına köçmüşdür. Vermontda Hovard Din ştatın parlamentinə seçilmiş, sonra vitse qubernator olmuşdur. 1991-ci ildə Vermont ştatının qubernatoru seçildikdən sonra Hovard Din tibb diplomunu bir dəfəlik unutmalı olur və bu vəzifədə 2003-cü ilə qədər qalır. Hovard Din Buşun İraq siyasətini kəskin tənqid etməsilə digər demokrat namizədlərin çoxundan seçilir. İraqın işğalı planına tamamilə müxalif olmaqla bir zamanlar o özünü hətta tamamilə təcrid olunmaq kimi riskli bir vəziyyətdə qoymuşdu. Nyu Hempşir ştatında namizədlərin irəli sürülməsi üçün ilkin partiya konfransında Din Demokratların daha bir namizədi Massaçusets ştatından senator Con Kerrini geridə qoya bilmişdir. Siyasi ekspertlər bunun əsas səbəbini İraqla əlaqələndirirlər. Dinin uğurunun bir sirrini də müşahidəçilər onun açı, birbaşa danışıq tərzi ilə izah edirlər. Seçicilərin çoxu onun məhz bu xüsusiyyətində bir təzəlik hiss edirlər. Bununla yanaşı, Hovard Dinə simpatiya göstərməyənlər də var. Bəzi demokratlar onu prezident Buşla mübarizə aparmaq üçün zəif namizəd hesab edirlər. Belə ki, onların fikrincə, seçicilər onun olduqca liberal olduğunu, xarici siyasətdə təcrübəsinin az olduğunu düşünə bilərlər. Lakin bütün bunlara baxmayaraq, Hovard Din böyük maliyyə vəsaiti toplaya bilmişdir və Dmeokrat partiyasının 9 namizədi arasında öndə gedir. Keçmiş vitse prezident Əl-Qorun onun namizədliyini dəstəkləməsi də Dinin kampaniyasına bir impuls verdi. “Biz Amerikaya ümid, yeni iş yerləri, sülh gətirmək istəyirik. Biz Demokrat partiyasına qürur gətirmək istəyirik. Mənə sizin dəstəyiniz lazımdır. Bizə bunu etmək imkanı verin. 2004-cü ilin yanvarında Ağ Ev uğrunda mübarizədə bizə qələbə imkanı verin”-deyə Hovard Din onu dəstəkləyənlərə müraciət edir.

XS
SM
MD
LG