Accessibility links

Human Rights Watch Azərbaycan hökümətini işkəncələrdə ittiham edir - 2004-01-23


Yanvarın 23-də Nyu-Yorkda açıqlanan 55 səhifəlik sənəddə bildirilir ki, müxalifətə qarşı repressiyalara ötən ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərindən sonrakı etiraz aksiyası səbəb olub.

Hesabatda bildirlir ki, müxalifət seçkilərin nəticələrini tanımaqdan imtina edib. Həmin nəticələrə görə İlham Əliyev qalib gəlib. Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, bu, qələbə "yaxşı təşkil olunmuş saxtakarlıq" nəticəsində mümkün olub.

Müxalifətin etiraz aksiyası iğtişaşlara və polislə toqquşmaya gətirib çıxarıb. Sənəddə 1000-ə qədər adamın həbs olunduğu bildirilir. 100 nəfər hələ də həbsxanalardadır və onlar uzun müddətə azadlıqdan məhrum edilə bilər.

Təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Reyçel Denber bildirib ki, Avropa Şurasına üzv kimi qəbul olunandan sonra Azərbaycanlılar ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə ümid edirdilər. Lakin bu ümidlər məhv edildi. AŞPA ciddi qətnamə qəbul etməli və Azərbaycan hökümətinə aydın bildirməlidir ki, vəziyyətin dəyişdirilməsi üçün addımlar atmasa ciddi sanksiyalarla üzləşə bilər.

Beynəlxalq qurumun hesabatı ötən ilin oktyabr-noyabr aylarında 13 şəhərin yüzlərlə sakinilə aparılmış sorğulara əsaslanır.

Hüquq müdafiəçiləri bu məsələdə Azərbaycan DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin adını xüsusi qeyd ediblər.

Sənəddə insanların həbsxana kameralarında lüt soyundurulması və döyülməsi barədə şahid ifadələri var. Tutulanların bəzilərinin dediyinə görə, müstəntiqlər onları zorlamaqla hədələyib və elektroşoka məruz qoyublar. Şahid ifadələrinə görə, Mütəşəkkil cinayyətkarlığa qarşı idarənin banditizmə qarşı bölməsinin rəisi Vaqif Məmmədov saxlanılan şəxslərə işkəncələr verilməsi və döyülməsində şəxsən iştirak etmiş, həbs edilənləri elektrik şok və zorlamaqla hədələmişdir.

Hesabatda müxalifətdən olan dairə və məntəqə seçki komisiyalarının üzvlərinin həbsləri barədə də ətraflı məlumat verilir. Saxta protokolların imzalamaqdan imtina edən müxalifətçilər polis şöbələrinə aparılmışdılar.

Hyuman Rayts Votçun hesabatında beynəlxalq icmanın ünvanına tənqidi fikirlər səslənir.

XS
SM
MD
LG