Accessibility links

“Üzüklər padşahı” Qızıl Qlobus mükafatını aldı - 2004-01-26


Bazar günü Hollivudun mətbuat assosiyasının təsis etdiyi Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində “Üzüklər padşahı” trilogiyasının son “Kralın qayıtması” seriyası və “Tərcümədə itmiş” komediyası ən yaxşı filmlər adına layiq görülmüşlər. Əslində, Hollivudun xarici mətbuat assosiyasının bu tədbiri gələn ay Oskar mərasiminin tonunu müəyyənləşdirdi. Epik fantastika janrında yazılmış əsər əsasında çəkilmiş “Üzüklər padşahı” filminin sonuncu hissəsi ən yaxşı film, filmə yazılmış ən yaxşı musiqi və ən yaxşı mahnı kateqoriyalarında birinci oldu. Filmin quruluşçu rejissoru Piter Cekson ən yaxşı rejissor elan edildi. Səhnəyə çəkiliş qrupunun üzvləri, aktyorlar və prodüserlərlə çıxan Cekson aldığı mükafat görə əsərin müəəlifi Oksford univeristetinin alimi Tolkenə təşəkkürünü bildirərək dedi. “Mən həqiqətən də, bu mükafatı qəbul emək istəyirəm və professor Tolkenə bu misli görünməmiş kitaba görə ehtiramımı bildirmək istəyirəm.”

Tokioya səfər zamanı dostlaşmış iki müsafir haqda “Tərcümədə itmiş” komediyası üç mükafat aldı. Filmin ssenari müəllifi, tanınmış rejissor Koppolanın qızı Sofiya Koppolanın yazdığı ssenari ən yüksək qiymət, filmdə baş rolda çəkilmiş Bil Murrey isə komediya janrında çəkilmiş filmdə ən yaxşı kişi aktyor adını aldı. Tanınmış aktrisa, 57 yaşlı Dayan Kiton komediya janrında çəkilmiş “Gərək bir şey verəsən” filmdə yaratdığı obraza görə ən yaxşı aktrisa adını aldı. Film orta yaşlı qadın və qocalıq dövrünə qədəm qoymağa başlamış pleyboy tipli kişi arasında eşq macərası haqqındadır. Dayan Kitonun tərəfmüqabili, pleyboy rolunun ifaçısı Cek Nikolsondur. Mükafatı alan aktrisa çəkiliş qrupuna təşəkkürlər etməklə yanaşı, zarafat da edərək deyir ki, filmdəki iki baş obrazın birlikdə yaşı 125 olur. Komediya janrında çəkilmiş ən yaxşı kişi obrazına görə mükafatı aktyor Bil Murreyə uduzan Cek Nikolson ən yaxşı qadın roluna görə müfakatın qalibini elan edir. Bu, “Monster” filmində baş rolda çəkilmiş Şarliz Terondur.

Xarici filmlər arasında Əfqanıstanda çəkilmiş “Üsəma” adlı film ən yüksək mükafata layiq görüldü. Film Taliban rejimi devrilməmişdən əvvəl repressiyalar şəraitində yaşayan bir qızın əhvalatını təsvir edir. Maykl Daqlas “Əsas instinkt“, “Uol Street” və digər filmlərdə yaratdığı obrazlara görə fəxri Sesil B.DeMill mükafatını aldı. Mayklın atası Kirk Daqlas 1968-ci ildə bu mükafata layiq görülmüşdü.

Qızıl Qlobus mükafatı kino aləmində hadisələri işıqlandıran 90 xarici jurnalist tərəfindən təqdim edilir. Mərasim Hollivudun ən mühüm və canlı hadisələrindən biridir. Lakin bundan daha əhəmiyyətli odur ki, Qızıl Qlobus mükafatları kino industriyasının daha önəmli tədbiri olan Oskar mükafatlarına kimlərin namizəd ola biləcəyini ehtimal etməyə imkan verir. Adətən, Oskar verilərkən komediya deyil, dram janrında çəkilmiş filmlərə daha çox üstünlük verilir. Buna görə də, “Üzüklər Padşahı”nın Holivudun ən yüksək mükafatını ala biləcəyini gözləmək olar. Oskar mükafatlarının laureatlarının adları sabah axşam bəlli olacaq.

XS
SM
MD
LG