Accessibility links

ABŞ-ın Dövlət Katibi Kollin Pauell Əfqanıstanda rəsmi səfərdədir - 2004-03-17


Birləşmiş Ştatların Dövlət katibi Kollin Pauell Əfqanıstanda keçiriləcək seçkilərə hazırlıq və təhlükəsizlik barədə bu gün Kabildə Əfqanıstanın prezidenti Hamid Karzai ilə xeyli söhbət etmişdir. Cənab Pauell Pakistan hərbi qüvvələrinin Əfqanıstanın sərhəddi yaxınlığında Taliban rejiminin qalıqlarına qarşı əməliyyatlarını alqışlamış və demişdir ki, Birləşmiş Ştatların hərbi qüvvələri də Əfqanıstanın qoşunları ilə birlikdə Əfqanistan ərazisində eyni əməliyyatları həyata keçirir, ancaq Pakistan sərhəddinə keçmirlər. Cənab Pauellin Əfqanıstana səfəri Birləşmiş Ştatların koalisiya qüvvələrinin Əfqanıstanın cənubunda və şərqində Taliban rejiminin və Əl Qaidə üzvlərinin qalıqlarına qarşı hücumları Pakistan hərbi qüvvələrinin də öz sərhədlərində apardıqları əməliyyatla eyni vaxta təsadüf edir. Cənab Pauell Prezident Karzai ilə danışıqlardan sonra müxbirlərlə görüşündə Pakistanın sərhəd bölgələrindəki əməliyyatları alqışladı və məliyyatlarda Pakistan hərbiçilərinin həlak olmasından təəssüfünü bildirdi. O, əlavə etdi ki, cümə axşamı İslamabadda Pakistan prezidenti Pərviz Müşərrəflə görüşündə bu məsələ barədə söhbət edəcək. O dedi: “Mənim fikrimcə bu, Pakistanın qəbilələrin yaşadığı bu ərazilərin Taliban üzvlərinə sığınacaq olmasına yol vermədiyinə işarədir. Mənim Pərviz Müşərrəflə danışıqlarımın diqqət mərkəzində məhz bu məsələ yer alacaq. Mən istərdim ki, sərhəddəki əməliyyatlarda Birləşmiş Ştatların hərbi qüvvələrinin sayı artsın. Biz bu iki suveren dövlət arasındakı sərhəddi tanıyırıq və hamı da tanımalıdır!” Dövlət katibi prezident Karzai ilə Əfqanıstanda keçiriləcək seçkilərin planı və dəyişikliklər barədə də söhbət etmişdir. Cənab Pauell bu ayın sonlarında Birləşmiş Ştatların Əfqanıstanın yenidənqurma işlərinə əlavə olaraq bir milyard dollar məbləğində pul verəcəyini də təsdiq etdi. Bununla bu il Birləşmiş Ştatların Əfqanıstanın yenidənqurma işlərinə ayırdığı vəsait iki milyard dolları keçəcək. Beləliklə, cənab Pauell Vaşinqtonun illərlə davam edən müharibədən sonrakı Əfqanıstana köməyi davam edəcəyini bildirmişdir. Seçkilərin gedişi barədə müxbirlərə söhbətində prezident Karzai bu yay Əfqanıstanda keçiriləcək seçkilərin beynəlxalq qanuna uyğun olacağına söz verdi. Lakin o, on milyon seçicidən yalnız bir milyon 400 min nəfərin qeydiyyatdan keçdiyini və iyunun sonuna təyin olunmuş seçkilərin iyul və ya avqust ayında keçirilə biləcəyini dedi.

XS
SM
MD
LG