Accessibility links

Ağ Ev Riçard Klarkın tənqidlərinə reaksiya verməyə davam edir - 2004-03-26


Terrorizm məsələləri üzrə ekspert Riçard Klarkın Buş administrasiyasının Əl-Qaidə təhlükəsini nəzərə almadığını iddia edən kitabı Ağ Evin indiyə qədər görünməmiş çox kəskin reaksiyasına səbəb olub. Müşahidəçilər administrasiyanın nümayəndələrinin keçmiş həmkarlarına qarşı belə reaksiyasını Corc Buş üçün məsələnin olduqca böyük əhəmiyyət daşıması ilə izah edirlər. Riçard Klarkın tənqidləri Ağ Evin, sözün əsl mənasında, əsəb tellərinə toxundu. Keçən ilə qədər Ağ Evdə əks-terror məsələləri üzrə koordinator olmuş Riçard Klark Amerika prezidentini ABŞ-a qarşı sentyabrın 11-i terror hücumlarından əvvəl Əl-Qaidə terror təşkilatının törətdiyi təhlükəni nəzərə almayıb, bunun əvəzinə diqqəti İraqa yönəltməkdə ittiham edir. Bazar ertəsü günü çapdan çıxmış “Bütün düşmənlərə qarşı” kitabında öz əksini tapan bu ittihamlar daha sonra cənab Klarkı Konqresin sentyabrın 11-i hadisələrini araşdıran müstəqil komissiyasında keçirilən dinləmələrin mərkəzi fiquruna çevirdi. Riçard Klark özü də Buş və Klinton administrasiyalarının rəsmilərinin ifadə verdiyi komissiyanın suallarına cavab verdi. Prezident Buş dinləmələri diqqətlə izləmiş və dünən Nyu Hempşirdə çıxışı zamanı son inkişaflarla bağlı açıqlamalar vermişdir. “Mən bilsəydim ki, düşmən Amerikaya zərbə endirmək, bizə hücum etmək üçün təyyarələrdən istifadə edə bilər, o zaman bütün mənbələri, bütün vasitələri və bu hökumətin Amerika xalqını qorumaq üçün malik olduğu bütün qüvvələrini səfərbər edərdim.” Prezidentin hüquq məsələləri üzrə müşaviri komissiyaya məktub göndərərək Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysın komissiya üzvlərilə bağlı qapılar arxasında daha bir görüş keçirə bilmək imkanınn olub-olmadığını soruşdu. Hüquqşünas Alberto Qonzales məktubda Kondoliza Raysın, onun ifadə etdiyi kimi, bir sıra yanlışlıqlara aydınlıq gətirmək istədiyini bildirmişdir. Konqresin müstəqil komissiyasının bəzi üzvləri bu təklifi qəbul etməmişlər. Belə ki, onlar artıq Kondoliza Raysla bir dəfə bağlı qapıılar arxasında dörd saatlıq görüş keçiriblər və indi müşavirin ictimaiyyət qarşısında ifadə verməsini istəyirlər. Buna cavab olaraq, Ağ Evin hüquqşünası diqqəti prezidentin müşavirlərinin bir qayda olaraq, heç vaxt Konqresin komissiyaları qarşısında ifadə vermədiyinə çəkmişdir. Onun bildirdiyinə görə, bu, xüsusilə milli təhlükəsizlik sahəsinə aiddir, belə ki, əsas məsləhətlər məhz bu sahədə verilir və onlar məxfi qalmalıdır. NBC teleşirkətinə müsahibəsi zamanı cənab Qonsales Kondoliza Raysın and içərək ifadə verməsinə ehtiyac olmadığını demişdir. Onun sözlərinə görə, onsuz da Ağ Evin rəsmilərindən yalnız düzünü söyləmək tələb olunur. “Bu, informasiyanın gizlədilməsi, ya da onun verilməməsi demək deyil, tamamilə əksinə. Biz indiyə qədər görünməmiş bir şəkildə informasiya əldə etmək imkanı yaratmışıq.” Komissiyaya hesabatı açıqlamaq üçün iyul ayına qdərə möhlət verilib. Bu isə o deməkdir ki, hesabat seçki kampaniyasının ən qızğın çağına təsadüf edəcək.

XS
SM
MD
LG