Accessibility links

Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays Konqresin komissiyası qarşısında ifadə verməyə hazırlaşır - 2004-04-07


Ağ Ev bu haqda qərarı keçən həftə Buş administrasiyasının siyasi təzyiqlərlə qarşılaşmasından sonra çıxarmışdır. Bununla yanaşı, həm prezident Buş, həm də vitse-prezident Dik Çeyninin komissiyanın bütün on üzvü ilə bağlı qapılar arxasında görüş keçirəcəyi gözlənilir. Prezident Buş keçən həftə etdiyi çıxışında komissiyanın olduqca böyük əhəmiyyətə malik bir iş gördüyünü və Ağ Evin lazımi sənədlərin təqdim edilməsi, bağlı qapılar arxasında müsahibələrin keçirilməsi işində tam əməkdaşlıq etdiyini və Kondoliza Raysın ictimiayyət qarşısında ifadə verəcəyini bəyan etdi. “Mən bütün səviyyələrdə əməkdaşlıq etmək haqda göstəriş vermişəm, çünki hesab edirəm ki, 2001-ci ilin sentyabrın 11-də vətəndaşlarımızın qətli gününə qədər aylar və illər ərzində baş verənlər haqda bütöv təsəvvür əldə edilməsi zəruridir.” Bu addım uzun müddətdir müşavirin prezidentə verdiyi məsləhətlər məxfi xarakter daşıdığına görə Kondoliza Raysın Konqresin hər hansı bir komissiyası qarşısında ifadə verməsinə razı olmayan Ağ Evin fikrini tamamilə dəyişdirməsi kimi qiymətləndirildi. Ağ Evin bu arqumenti əks-terror məsələləri üzrə keçmiş müşavir Riçard Klarkın iddilarının ətrafında yaranmış mübahisələrə görə tədricən gücünü itirməyə başladı. Riçard Klark Konqresin müstəqil komissiyasına bildirmişdir ki, Buş administrasiyası sentyabrın 11-i hadisələrindən əvvəl terror təhlükəsini prioritet hesab etməyib, əsas diqqəti İraqa yönəltmişdi. Komissiya ilə əldə olunmuş razılığa görə, xanım Rays daxil olmaqla, Ağ Evin digər rəsmilərinin ictimaiyyət qarşısında ifadə verməsi haqda xahişlər olmayacaq. Prezident Buş deyir ki, Kondoliza Raysın komissiya qarşısına çıxması ilə əlaqədar şərait sentyabrın 11-i hadisələrinin baş verdiyi şərait qədər fövqəladədir. “İndi komissiya və Birləşmiş Ştatlar Konqresinin liderləri bizi milli təhlükəsizlik məsələləri üzrə müşavirin çıxışının gələcək üçün presedent yaratmayacağına yazılı şəkildə əmin ediblər.” Komissiya üzvləri buna yekdilliklə razı olublar və prezidentin addımını yüksək qiymətləndiriblər. Komissiyanın respublikaçı sədri Tom Kin Ağ Evin şərtlərinin tamamilə məqbul olduğunu bəyan edib. Konqresin liderləri Ağ Evlə əldə olunmuş razılığı qəbul etmişlər. Demokratların Senatda lideri senator Tom Dəşl Amerika xalqının Kondoliza Raysın komissiya qarşısında ifadə verməsini istədiyini və prezidentin düzgün qərar verdiyini bildirib. Kondoliza Rays cümə axşamı günü komissiya qarşısına çıxacaq. Xanım Raysın iki saata qədər komissiya üzvlərinin suallarına cavab verəcəyi gözlənilir. Prezident və vitse-prezidentinsə nə zaman bağlı qapılar arxasında komissiya üzvləri il keçirəcəyi görüşün tarixi hələlik məlum deyil. Prezident Buş malik olduğu informasiyanı komissiya ilə bölüşəcəyini gözlədiyini bəyan etmişdir. Corc Buş bununla yanaşı, öz fəaliyyətlərini müdafiə edərək sentyabrın 11-i hadisələrindən dərhal sonra Əl-Qaidə terror şəbəkəsinə qarşı mühairbəyə başladığını bildirmişdir. Komissiya tez bir zamanda görüş üçün gün müəyyən ediləcəyini bildirir.

XS
SM
MD
LG