Accessibility links

OPEK və neft qiymətləri - 2004-04-11


Birləşmiş Ştatlarda benzin qiymətləri son aylar rekord həddə çatıb. İndi bir qallon, yəni təxminən dörd litr benzinin qiyməti ştatdan-ştata fərqli olaraq bir dollar 79-82 sent arasındadır. Belə bir şəraitdə, OPEK təşkilatına daxil olan 11 ölkənin neft naziri aprel ayının əvvəlindən neft istehsalını təxminən dörd faizə qədər azaltmaq qərarını təsdiq etmək üçün Vyanada görüş keçirdi. OPEK-in bildirdiyinə görə, neft ehtiyatlarının azalması qiymətlərin yüksək həddə çatmasının əsas səbəbi deyil. Təşkilat qiymətlərin artmasına neft ticarətçilərinin və dünyada hazırda yaranamış şəraitin səbəb olduğunu deyir. OPEK bir barrel, yəni 150 litr üçün neftin qiymətini 22-28 dollar arasında saxlamağa çalışır. Təşkilatın son qərarına gəldikdə bu, hazırda benzin qiytmələrinin rekord səviyyəyə çatdığı ABŞ-da narahatlıqla qaşılandı. Mart ayında ölkədə bir barrel neftin qiyməti 38 dollara çatırdı. Bu, 1991-ci ildə Körfəz müharibəsindən sonra neftin qiymətlərinin ən çox artdığı dövrdür. Qiytmələrin artması Amerika iqtisadiyyatınamənfi təsir göstərir. Belə ki, Amerika neft ticarətini yalnız dollarla aparır. Digər ölkələr neft almaq üçün öz valyutalarını dollara çevirirlər. Son zamanlar, dollar avroya və yapon yeninə nisbətən dəyərini itirib. Buna görə indi Avropa və Yaponiya avro və yenə daha çox dollar ala bilir. Bu da öz növbəsində, onların daha çox neft ala bilməsi deməkdir. Avro, yen və dolların dəyəri arasında fərq neftin Amerikada daha baha olması ilə nəticələnir. Ekspertlərin fikrincə, neft istehsalını azaltmaq OPEK ölkələri üçün çətin olacaq. Onların fikrincə, OPEK ölkələri onsuz da razılaşdırılmış limitdən artıq olaraq gündə 1,5 milyon barrel neft istehsal edirlər. Təhlilçilər hesab edir ki, yalnız Səudiyyə Ərəbistanı neft istehsalını hiss olunacaq dərəcədə azalda biləcək. Bu isə OPEK-in nəzərdə tutduğu ixtisar olmayacaq. Bundan əlavə, dünyada neftin ən böyük ixracatçısı olan üç ölkədən ikisi, Rusiya və Norveç OPEK-in üzvü deyillər. Onlar və OPEK-in üzvü olmayıb neft ixrac edən digər ölkələr dünyada neftə olan tələbatı ödəmək üçün istehsalı artıra bilərlər. Bununla belə, OPEK-in son qərarı dünyada neftin qiytmətlərinin dəyişməsinə səbəb olmuşdur. Neft dünya ticarət bazarında ən aktiv alınıb-satılan məhsuldur. Dünya iqtisadiyyatında neft ən mühüm məhsul hesab edilir.

XS
SM
MD
LG