Accessibility links

Prezident Buş İraqa dair yeni plan irəli sürür - 2004-05-25


Prezident Buşun dediyinə görə Amerika əsgərləri İraqda təkcə qiyamçılara qarşı vuruşmurlar. Onlar həm də İraq xalqının rifahı uğrunda mübarizə aparırlar. Cənab Buş deyib: “Amerikanın İraqdakı vəzifəsi təkcə düşməni məğlub etmək deyil, bu vəzifə həm də dosta -- azad, xalqı təmsil edən və onun maraqları uğrunda çarpışan hökumətə yardım etməkdir. Nə qədər tez bu məqsədə çata bilsək, bir o qədər tez də işimizi bitirmiş olarıq.”

Pennsilvaniyada Amerika ordusunun hərbi kollecində çıxış edən cənab Buş İraqı azadlıq və demokratiyaya aparacaq 5 mərhələli plan açıqlamışdır. Bu addımlar sırasına hakimiyyətin suveren hökumətə ötürülməsi, təhlükəsizliyin bərpa edilməsi, yeni infrastrukturun tikilməsi, geniş beynəlxalq dəstəyin əldə edilməsi və milli seçkilərin keçirilməsi daxildir.

Birinci mərhələ İyunun 30-da hakimiyyətin ötürülməsi ilə baş verəcək. Prezident Buş bu prosesi BMT xüsusi elçisi Laxdar Brahiminin tövsiyələrinə əsasən həyata keçirmək niyyətindədir. Cənab Brahimin təqdim etdiyi plan 1 prezidentdən, 2 vitse-prezidentdən, 26 nazirlik kabinetə rəhbərlik edən baş nazirdən və hökumətə tövsiyəçi xarakter daşıyan İraqlılar tərəfindən seçilmiş milli şuradan ibarət idarəçilik sisteminin yaradılmasını nəzərdə tutur.

Prezident həmçinin qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün Amerika qüvvələri İraqda beynəlxalq qüvvələrin tərkib hissəsi kimi qalacaq. Belə ki, cənab Buş ümid edir ki, bütün hallarda Amerika komandanlığı altında qalacaq Birləşmiş Ştatlar kontingentinin İraqda qalmasına BMT səlahiyyət verəcək. İraq təhlükəsizlik qüvvələri isə mülki İraq nəzarəti altında qalaraq beynəlxalq qüvvələrlə yaxından əməkdaşlıq edəcək.

“Tarix irəliyə doğru hərəkət edir: ya bu kurs ümidə ya da faciəyə doğru istiqamət götürəcək. Bizim terrorist düşmənlərimizin gələcəyə olan baxışları onların ölümcül əməllərini izah ve idarə edir,” deyə cənab Buş öz fikrini açıqlamışdır.

Prezident Buşun söylədiyinə görə Amerika əsgərlərinin apardığı mübarizə Yaxın Şərqdə azadlığın yayılmasına xidmət edir. Bundan sonra Cənab Buş Vaşinqtonun 20 milyard dollar həcmində layihələrlə İraqın infrasturkturunun quracağını bəyan edib.

İraqın yeni hökumətinin razılığı ilə cənab Buş Amerikanın yeni həbsxana tikəcəyini və Səddam Hüsenin vaxtikən siyasi rəqiblərinə işgəncə verdiyi və Amerika əsgərlərinin İraqlı dustaqları içində alçaltdığı Əbu Ğrayb həbsxanasını dağıdacağını bildirib: “Həmin o həbsxana ölkəmizin şərəfini ləkələyən və dəyərlərimzə məhəl qoymayan bir neçə Amerika əsgərinin rüsvayçı davranışının simvoluna çevrildi.”

Prezident həmçinin beynəlxalq ictimaiyyəti Amerika və Britaniyanın BMT-yə İraqa dair yenicə təqdim etdikləri qətnamə layihəsinə geniş dəstək verməyə səsləyib.

Bu qətnamə layihəsinə yeni İraq hökumətinin 130,000-lik Amerika qoşunlarının ölkədə olduğu müddətdə nə dərəcədə suverenliyə malik olacağından ehtiyat edən üzvlər tərəfindən şübhə ilə yanaşılır.

Prezident Buşun çıxışı İraqdakı keçid periodu üçün mühüm vaxta təsadüf edir. Hakimiyyətin yeni İraq hökumətinə ötürülməsinə 5 həftə, Amerika prezident seçkilərinə isə 5 ay vaxt qalır.

ABC News və Vaşinqton Post qəzetinin birgə keçirdiyi sorğuya əsasən Amerikalıların yarısından bir az çoxu prezidentin ümumi iş keyfiyyətini müsbət qiymətləndirmir. Xüsusilə İraq məsəsləsində, sorğu iştirakçılarının 58%-i Prezident Buşun işin öhdəsindən yaxşı gəlmədiyini düşünür. Bu nəticələr keçən aya nisbətən 22% mənfiyə doğru dəyişikliyi əks etdirir.

Amerikalıların üçdə ikisi Birləşmiş Ştatların İraqda ilişib qaldığını, yalnız 38%-i isə irəliləyişin olduğunu düşünür.

XS
SM
MD
LG