Qəzzə zolağında adamların oğurlanması ilə əlaqədar olaraq təhlükəsizliyin pisləşdiyinə görə, Fələstin Muxtar İdarəsinin baş naziri Əhməd Qureya vəzifəsindən istefa verib. Cənab Qureya nazirlər kabinetinin təcili yığıncağında vəzifəsindən istefa verdiyini bildirib. Kabinet naziri Saib Erekat müxbirlərə deyib ki, cənab Ərafat baş nazirin istefasını qəbul etməyib. Baş nazirin istefası cənab Ərafatın təhlühkəsizlik orqanını yenidən təşkil edəcəyi barədə verdiyi bəyanata təsadüf edir. Bu məsələ beynəlxalq ictimaiyyətin Fələstin Muxtar İdarəsindən islahatların həyata keçirilməsi tələblərindən ən başlıcasıdır. Cənab Ərafat Fələstin polis idarəsinin başçısı Qazi Cabalini vəzifəsindən çıxarmışdır. İslahatların həyata keçirilməsini tələb edən yaraqlılar onu dünən oğurlamış və bir neçə saat saxladıqdan sonra azad etmişdilər. Fələstin rəsmiləri deyirlər ki, yaraqlılar Qazi Cabalini vəzifəsindən kənarlaşdırmaq və korrupsiya ittihamı ilə onu məhkəməyə cəlb etmək şərtilə azad etmişlər. Cənab Ərafat əmisi oğlu Musa Ərafat Əl Qidvəni Qazi Cabalinin yerinə təyin edib. Qəzzə zolağında adamların oğurlanmasından sonra bölgədə fövqəladə vəziyyət elan edilib. Qəzzə zolağının təhlükəsizlik idarəsinin başçısı Rəşid Əbü Shbak və kəşfiyyat idarəsinin başçısı Əmin Hindi də öz vəzifələrindən istefa vermişlər. Lakin cənab Ərafat onların istefasını qəbul etməyib. Bu arada İsrail hökuməti jurnalistlər də daxil olmaqla öz vətəndaşlarına Qəzzə zolağına səfər etməyi qadağan edib.