Accessibility links

Viktor Yanukoviçin istefası rəsmən qəbul edildi  - 2005-01-05


Ukrayna prezidenti Kuçma baş nazir Viktor Yanukoviçin vəzifəsindən istefasını rəsmən qəbul edib. Prezidentin mətbuat xidməti bildirib ki, cənab Viktor Yanukoviç beş gün əvvəl televiziyaya verdiyi müsahibəsində gələcəkdə təşkil ediləcək hökumətdə iştirak etməyəcəyini bildirdikdən sonra cənab Kuçma onun istefasını rəsmən qəbul edib. Yekun nəticələrə görə cənab Yanukoviç təkrar səsvermədə rəqibi Viktor Yuşenkodan iki milyon az səs əldə edib. O, 2002-ci ildən bəri baş nazir idi. Cənab Kuçma Mikola Azarovu müvəqqəti baş nazir təyin edib. Lakin göründüyü kimi o bu vəzifəni bir neçə gün idarə edəcək. Belə ki, yeni hökumətin bu ayın axırlarında andiçməsi gözlənilir. Mənbələrə əsasən cənab Yuşenkonun baş nazirlik üçün nəzərdə tutduğu namizədlərin arasında Mikola Azarovun da adı var. Lakin bir sıra şəxslər onun bu vəzifəyə namizədliyinə tənqidi yanaşır. Dünən Ukrayna Yabloko partiyasının üzvləri Azarovun baş nazir təyin edilməsinə etiraz olaraq nümayiş təşkil etmiş və onu keçmiş rejimə yaxın adam adlandırmışlar. Göründüyü kimi baş nazir vəzifəsinə kimin namizəd göstərilməsi məsələsi mübahisəli keçəcək. Məlumata əsasən cənab Yuşenko yardımçısı xanım Yulia Timoşenkonu baş nazir vəzifəsinə namizəd göstərəcək. Ondan başqa yerli biznes liderləri keçmiş baş nazir Anatoli Kinaxın namizmədliyini dəstəkləyirlər. Namizədlərin arasında parlamentin büdcə komitəsinin sədri Petro Poroşenkonun da adı var.

XS
SM
MD
LG