Accessibility links

İraqda intihar hücumları davam edir, girovlar öldürülür - 2005-05-28


İraq rəsmiləri ölkənin şimalında iki intiharçının ayrı-ayrılıqda həyata keçirdikləri bomba hücumu nəticəsində azı 5 nəfərin həlak olduğunu bildirirlər. İraq polisi bildirib ki, bu gün səhər iki intiharçı Sincar şəhərinin şimalındakı İraq hərbi bazasının yaxınlığında intihar hücumu edib. Polis bu barədə əlavə məlumat verməyib. Bu hadisə dünən gecə Tikrit şəhərində İraq polisinin maşın karvanına edilən hücumdan sonraya təsadüf edir. Bu hücum nəticəsində 2 mülki vətəndaş həlak olmuş, bir neçə polis də daxil olmaqla azı 24 nəfər yaralanmışdır. Dünən gecə naməlum silahlı şəxslər Kərkük şəhərinin şimalındakı evinin yaxınlığında sünni tayfa lideri və Kərkük şəhər Şurasının keçmiş üzvü Sabhan Xalaf Əl-Ciburini qətlə yetiriblər. Bu arada Ənsar Əl Sunna ordusu adlı bir yaraqlı qrup İnternet səhifəsində yaydığı məlumatda 44 yaşlı yaponiyalı Akihiko Saitonun pasportu və digər vəsiqələrini göstərib. Qrup bildirib ki, Saito güllə yarasından keçinib. Yaponiya hökuməti onun qətlə yetirildiyini təsdiq etməyib. Lakin diplomatlar girovun öldürüldüyünə inandıqlarını bildirirlər. İraq hökumətinin rəsmiləri qətli məhkum edərək bildiriblər ki, təhlükəsizlik qüvvələrində xidmət göstərən Saitonu 3 həftə əvvəl girov götürmüşdülər.

XS
SM
MD
LG