Accessibility links

Amerika qəzetləri Azərbaycandakı mitinqi işıqlandırır


Bu gün Amerika mətbuatında dünən Azərbaycan paytaxtı Bakıda keçirilən çoxminli nümayiş işıqlandırılır. Vaşinqton Post və Los Anceles Taymz qəzetləri əllərində Birləşmiş Ştatlar prezidenti Buşun şəkillərini tutmuş nümayişçiləri cizgiləndirərək, Azərbaycanda demokratiya uğrunda mücadilədən bəhs edirlər.

Vaşinqton Post qəzeti yazır: On minə yaxın adam “Azadlıq” deyə hayqıraraq Azərbaycan hökumətini istefaya səsləmişdir. Onlar ölkədə azad parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bakıda keçirilən bu nümayiş 2003-cü il, Oktyabrından bəri müxalifətin ən iri aksiyasıdır. O vaxt saxtalaşdırılmış prezident seçkilərinə etiraz edən insanlardan biri hökumət qüvvələri tərəfindən öldürülmüş, 200-ü isə ağır bədən xəsarəti almışdı.

Noyabrda yaxınlaşan parlament seçkiləri ərəfəsində Xəzər dənizin sahilində yerləşən bu ölkədə vəziyyət gərginləşib. Bir çox mütəxəssislər proqnozlaşdırırlar ki, Azərbaycanda da xalq Gürcüstanda, Ukraynada və Qırğızıstanda olduğu kimi populyarlığını itirən hökumətə qarşı üsyan qaldıra bilər. Müxalifət partiyalarının tərəfdarları “Azadlıq”, “Azad Seçki” deyə hayqırır, və əllərində “Rədd olsun quldur hakimiyyət”, “Biz azadlıq istəyirik şüarlarını ucaldırdılar. Nümayişin əsas məqsədi ölkədə mövcud seçki sistemini dəyişdirmək idi. Belə ki, müxalifət ötən prezident seçkilərində İlham Əliyevin atası heydarə Aliyevi prezident kürsüsündə əvəzləməsini məhz bu sistemin rəvac verdiyi saxtakarlıqlarda görür.

Demokratik seçkiləri təkcə müxalifət yox, bütün xalq istəyir deyə Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli nümayişdə çıxışında bəyan etdi. Biz azad seçki tələb edirik və belə seçkilər üçün şərait yaradılmasa Azərbaycanın hər bir kəndi, şəhərin hər küçəsi hökumətin istefasını tələb edəcək, deyə cənab Kərimli bildirib. Başqa müxalifət lideri Pənah Hüseynli isə söyləyib ki, Əliyev hökuməti heç zaman azad seçkilərə imkan verməyəcək, çünki bu, onun sonu olacaq. Ona görə də inqilab qaçılmazdır.

İki həftə bundan öncə Bakıda polis nümayiş keçirmək istəyən insanları döydü. Onlarla adam həbs edildi. Bu dəfə də Bakı merliyi Xalq Cəbhəsi, Demokratik Partiya və Müsavatın mitinq keçirmə istəyinə əvvəlcə rədd cavabı verdi. Sonrada isə müxalifətin nümayiş keçirməkdə israrlı olduğunu görən hakimiyyət nümayişə icazə vermək qərarına gəldi.

Bəs Azərbaycanda baş verən hadisələrin Amerika xarici siyasəti ilə hansı bağlılıqları var? Bu gün Los Anceles Taymz qəzetində Azərbaycandakı nümayişi əks etdirən şəklin ardınca Buş administrasiyasının dəyişməkdə olan xarici siyasət kursu haqda bəhs edilir. Qəzetin yazdığına görə Prezident Buşun ikinci dönəm hakimiyyətində Amerikanın xarici siyasət kursu demokratiyanın yayılmasına doğru radikal dəyişikliklər görür. Özünün andiçmə mərasimində bütün dünyada azadlığın yayılması uğrunda çarpışacağını bəyan edən prezident Buş demokratiya amilini Amerikanın xarici ölkələrlə münasibətlərində əsas amil kimi götürüb. Buş administrasiyasında baş verən yeni təyinatlar də məhz bu yeni kursun təcəssümüdür.

Bu dəyişikliyin şahidlərindən biri bu yaxınlarda Amerikaya səfər etmiş Misir baş naziri oldu. Daim Vaşinqtonla müsbət münasibət saxlayan hökumətin ali nümayəndəsi burada olduğu vaxt ciddi təzyiqlərə məruz qaldı. Keçirdiyi bütün görüşlərdə Amerika rəsmiləri ona Misirdə demokratik dəyişiklərin vacib olduğunu vurğuladılar. Buşun bu yaxınlarda Latviyaya və Gürcüstana səfir də məhz bu siqnalın verilməsinə xidmət edirdi. Dövlət Departamentində siyasi planlaşdrıma işlərinə baxan Stiven Krasner Amerikanın rəhbər tutduğu prinsipi belə izah edir: Biz demokratik və azad bazar yönümlü ölkələrdən ibarət dünyanın yaraılmasını istəyirik və bu yönümdə də çalışırıq.

XS
SM
MD
LG