Accessibility links

Amerika Dövlət Katibinin köməkçisi Azərbaycanda demokratiya və insan haqlarını müzakirə edib


ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Köməkçisi Devid Kramer Bakıda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, o cəm şəkildə insan haqlarına aid olan məsələlər: mətbuat azadlığı, din azadlığı və sərbəst toplaşma azadlığı da daxil olmaqla müzakirələr aparacaq. “Azərbaycanda demokratik islahatlara dəstək ABŞ-ın siyasi prioritetidir. Cənab Kramerin səfəri də başlanğıcı prezident Əliyev və ABŞ tərəfindən qoyulmuş dialoqun davamıdır”.

Bu gün cənab Kramer prezident İlham Əliyevlə, müxalifət partiyalarının və iqtidar partiyasının rəhbərləri, prezident seçkilərində namizəd olmuş liderlərlə, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri ilə görüşüb.

AzərTac Dövlət Agentliyinin məlumatına görə, prezidentlə görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müxalifətdə olan AXCP sədrinin müavini Fuad Mustafayev bildirib ki, siyasi partiya rəhbərləri və prezidentliyə namizədlərlə iki saat davam edən görüşdə insan haqları, demokratiya, söz və mətbuat azadlığı, həbsdə olan jurnalistlər, siyasi partiyaların mövcud durumu, partiya quruculuğu məsələləri müzakirə edilib. Onun sözlərinə görə, görüşdə iqtidar partiyası ilə müxalifət arasında fikir ayrılığı yaranıb.

İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlının dediyinə görə, enerji, enerji təhlükəsizliyi, regional təhlükəsizlik məsələlərində bütün tərəflərin mövqeyi eyni olub. Ancaq insan haqları sahəsində müxalifətin mövqeyi polemikaya səbəb olub. Dövlət katibinin köməkçisinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşünün əsas mövzusu isə hökumətin idarə edilməsində vətəndaş cəmiyyətinin rolu və insan haqları məsələləri olub.

Hüquq müdafiəçisi Səidə Qocamanlının dediyinə görə, ölkədə insan haqlarının acınacaqlı durumu, mediaya təzyiqlərin davam etməsi, siyasi məhbus problemi, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının zəruriliyi cənab Kramerin diqqətinə çatdırılıb. Xanım Qocamanlı xarici radiostansiyaların yayımının yerli tezliklərdə dayandırılması ilə bağlı məsələnin də diqqət mərkəzində olduğunu deyib. Onun fikrincə, bu radioların yayımının dayandırılması mətbuata təzyiqlərin davamı kimi qiymətləndirilməlidir.

Politoloq Rasim Musabəyov hesab edir ki, ABŞ ölkədə vətəndaş cəmiyyətinin inkişafına kömək etməlidir. Onun sözlərinə görə, demokratik azadlıqlar sahəsində hələ də ciddi problemlər qalmaqdadır.

XS
SM
MD
LG