Accessibility links

«Azadlıq» qəzetini baş redaktorunun istintaqı başa çatıb


"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət işinin itsintaqı başa çatıb və baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. Baş redaktor barəsində noyabrın 11-də məhkəmə iki ay həbs qəti imkan tədbiri seçib. O Vüsal Həsənov adlı şəxsin şikayəti əsasında saxlanıb. Belə ki, noyabrın 7-də bu iki şəxs arasında «Azadlıq» qəzetini redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında insident baş verib. Vüsal Həsənov cənab Zahidi ona basqın etməkdə və tanışına qarşı xuliqanlıqda ittiham edib. Bundan sonra, baş redaktora qarşı Cinayət Məcəlləsinin sağlamlığa az ağır zərər yetirmə və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb. Jurnalistin təqsiri sübut olunarsa, onu 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cənab Zahid siyasi sifarişlə saxlandığını bildirib. Qənimət Zahidin vəkili Osman Kazımov da onun həbsinin siyasi sifariş adlandırıb. Vəkil məhkəmənin ədalətli olacağına da inanmır. Belə ki, onun fikrincə, məhkəmələr indiyədək baş redaktorla bağlı qəbul etdiyi qərarlarda ədalətli olmayıb. Qeyd edək ki, ötən ilin yayında Qənimət Zahidin qardaşı, "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakit həbs olunub. O, narkotiklərin qanunsuz saxlanması ittihamı ilə 3 il müddətinə həbs edilib. Jurnalist isə ittihamları qəbul etməyib və narkotikin həbs zamanı onun cibinə atıldığını deyib. Beləliklə, Azərbaycanda hazırda 9 jurnalist həbsdədir. Jurnalistlərin həbsi ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların kəskin tənqidləri ilə qarşılanıb. Qənimət Zahid isə mətbuata təzyiqlərə və jurnalistlərin həbsinə etiraz olaraq dekabrın 8-dən aclıq edir. Onu dəstəkləyənlərin sayı da günbəgün artmaqdadır. Bu gün aksiyaya «Yeni Müsavat» qəzetinin müxbiri Elşad Məmmədli qoşulub və aclıq keçirən jurnalistlərin sayı 7-yə çatıb. Daha iki jurnalist isə sabah aclığa başlayacaq. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Amerikanın səsi» radiosuna bildirib ki, aclıq edənlərin səhhətində hələ problem yaranmayıb. Onun sözlərinə görə, aksiya iştirakçılarının tələblərinə rəsmi münasibət olmasa da ictimai dəstək böyükdür. Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev isə iki gün öncə Azərbaycanda jurnalistlərin yazılarına görə həbs edilmədiyini bildirib. Onun sözlərinə görə, ölkədə söz və mətbuat azadlığı tam təmin edilib.
XS
SM
MD
LG