Accessibility links

Azərbacanda bir qrup gənc təhsil hüquqlarının bərpası üçün aclıq keçirir


Namiq Feyziyevin Pedoqoji universitetdən, Turan Əliyevin Bakı Dövlət Universitetindən siyasi motivlərlə xaric edilməsinə etiraz edən bir qrup gənc artıq 10-cu gündür aclıq edir. Onların sağlamlıq durumu isə ağır olaraq qalır. Gənclərin tələblərinə rəsmi münasibət bildirilməsə də, Ombudsman Elmira Süleymanova, həkimlər, hüquq müdafiəçiləri, müxalifətdə olan siyasi liderlər, çoxsaylı ziyalılar, beynəlxalq təşkilatların, o cümlədən xarici ölkə səfirliklərinin nümayəndələri aclığı dayandırmağı xahiş edib. Həkimlər Turan Əliyevin və «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynin səhhətinin aclığı davam etdirməyə imkan vermədiyini onların diqqətinə çatdırıb. 3 saylı Təcili Yardım Stansiyasının həkimi Salman Babayev bildirib ki, Turan Əliyevin qan təzyiqi kritik həddə çatıb. Həkimin sözlərinə görə, gənclər tibbi yardımdan da imtina edir. Ombudsman Elmira Süleymanova bildirib ki, ötən gün Pedoqoji və Bakı Dövlət Universietinin rektorları ilə vəziyyəti müzakirə edib. O tələbələrin universitetlərdən xaric edilməsinin siyasi olmadığını deyib. Xanım Süleymanovanın sözlərinə görə, hələlik konkret nəticə olmasa da, problemin nizamlanmasına dair müəyyən variantlara baxılıb. O rektorların gənclərin yayda universitetlərə bərpasının mümkün olması barədə fikirlərini çatdırıb. Qeyd edək ki, məslənin həlli yaya qalarsa, həmin vaxtadək gənclər əsgəri xidmətə çağrılacaq və bərpa məsələsi yenidən iki il uzanacaq. Bu səbəbdən də gənclər rektorların təklifi ilə razılaşmayıb. Turan Əliyev və Namiq Feyziyev qış sessiyasının imtahanlarını verməyə hazır olduğunu bildirib. Bu gün ABŞ səfirliyinin insan hüquqları üzrə müşaviri Pol Veyn, ATƏT-in Bakı ofisinin insan haqları üzrə əməkdaşı Andres Buş, Almaniya, Norveç və Böyük Britaniya səfirliyinin əməkdaşları da aclıq edən gənclərə baş çəkib. ABŞ səfirliyinin insan hüquqları üzrə müşaviri Pol Veyn bildirib ki, araşdırma missiyası ilə gəliblər. "Gənclərin aclıq aksiyası ilə bağlı məlumatları mətbuatdan almışıq və özümüz birbaşa ilk mənbədən məlumatları almağa gəlmişik"- deyə o qeyd edib. Artıq bir çox beynəlxalq təşkilatlar gənclərin tələblərinin müdafiəsi ilə bağlı müraciətlər qəbul edib. Gənclər və çoxsaylı hüquq müdafiəçiləri isə prezident İlham Əliyevə müraciət edərək humanist addım kimi Turan Əliyev və Namiq Feyziyevin universitetlərə bərpa olunmasına yardım göstərməsini xahiş edib.

XS
SM
MD
LG