Accessibility links

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayır


Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun Azərbaycana iki günlük rəsmi səfəri başlayır. AzərTac agentliyinin məlumatına görə, bu gün Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr başlanıb.
Məsləhətləşmələr zamanı tərəflər Azərbaycan və Türkiyədə yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti, onların deportasiyası zamanı yaranan problemlər, viza sahəsinə dair məsələlər, insan alverinə qarşı birgə mübarizə, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, eləcə də Azərbaycan ərazisindəki Türkiyə vətəndaşlarının yaşayış və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məsələləri müzakirə edib.
Müzakirələrdə hər iki ölkənin Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Sərhəd, Miqrasiya və Gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
Azərbaycan tərəfdən məsləhətləşmələrdə nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi Nadir Hüseynov, Türkiyə nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi Kemal Gür rəhbərlik edib.
Məsləhətləşmələrdən sonra tərəflər müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalayıb.
Mayın 26-da isə Türkiyə xarici işlər nazirinin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Turan Agentliyinin məlumatına görə, danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi, Türkiyə-Ermənistan münasibətləri, regionda təhlükəsizlik və Türkiyəyə satılan Azərbaycan qazının qiymətinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


XS
SM
MD
LG