Accessibility links

Azərbaycan Neft Fondu hesabatını açıqlayıb


Azərbaycan Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Neft Fondunun 2009-cu ilin ilk altı ayı ərzində gəlir və xərcləri barədə hesabatını açıqlayıb. O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 milyard 156 milyon 300 min manat, xərcləri 2 milyard 685 milyon 700 min manat təşkil edib.

“2009-cu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 907,6 milyon manat, tranzit gəlirləri 5 milyon manat, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,5 milyon manat, akrhesabı ödənişləri 1,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 167 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100,5 milyon manat təşkil etmişdir”.

Cənab Mövsümovun dediyinə görə, hesabat dövründə Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 530,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. “Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 milyon manat və 68,5 milyon manat vəsait ayrılıb. 1,1 milyon manat “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 1,3 milyon manat vəsait ayrılıb. 2009-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olub”.

2009-cu il iyulun 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 6,35% artaraq 9 557,7 milyon manata (11 886,4 milyon ABŞ dolları) bərabər olub.
O eyni zamanda bu il büdcədə neftin hər barelinin qiymətinin 70 dollar hesablanmasına baxmayaraq orta hesabla 48 dollara satıldığını bildirib. Bu isə proqnozun yerinə yetirilməməsinə səbəb olub.

Müstəqil ekspertlər Dövlət Neft Fondunda şəffaflığı başqa qurumlar üçün nümunə hesab edir. Fond ildə iki dəfə media və cəmiyyət qarşısında hesabatla çıxış edir. Mədən Sənayesində Şəffaflıq üzrə Qeyri Hökumət Təşkilatları Koalisiyasının Şura üzvü Azər Mehdiyev hesab edir ki, fondda şəffaflıq olması dövlətin maraqlarına uyğundur. Ancaq onun fikrincə, bu məlumatların bəziləri sonadək şəffaf deyil.

Ekspert eyni zamanda, Dövlət Neft Fondundan maliyyələşən layihələrin icrası vəziyyəti ilə bağlı məlumatların hesabatlara daxil edilməsini istəyir. Məhz Fondun vəsaitləri istifadənin son mərhələsində şəffaflığını itirir.

XS
SM
MD
LG