Accessibility links

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması aktuallaşıb (audio)


Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə ediləcəyi ilə bağlı məsələ aktuallaşır. Ümidverici notlar Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Dövlət Televiziyasına müsahibəsindən sonra bir qədər də artıb. Prezident bildirib ki, danışıqlar çətin olsa da irəliləyişlər var. “Sazişlər imzalandıqdan dərhal sonra, birinci mərhələdə Ermənistan qoşunlarının beş rayondan çıxarılması nəzərdə tutulur. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Kəlbəcər və Laçın rayonlarından erməni silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin etmək nəzərdə tutulur. Fikrimizcə, bu, kompromis müddətdir və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi olmasın”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu gün danışıqlarda irəliləyiş olduğunu etiraf edib. Nazir Ermənistanla aparılan danışıqları çox vacib adlandırıb. “İki ölkə prezidentinin danışıqları çox vacibdir. Çətinliklər var, ancaq irəliyə gedirik. Həll prosesində çox ləng hərəkət edirik, ancaq hərəkət edirik. Danışıqları davam etdirəcəyik. Qoşunlar Azərbaycan ərazisindən çıxarıldıqdan, ərazilər azad edildikdən, qaçqınlar qayıtdıqdan sonra daha əsas məsələlərin müzakirəsinə başlayacağıq. Danışıqları
bugünkü status-kvoda saxlamaq istəmirik. Ermənistan da başa düşür ki, indiki status-kvoda qalmaq mümkün deyil”, - deyə o qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi radiosuna” müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlara toxunulub. Onun fikrincə, 5+2 formatı ilə bağlı yalnız Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarında gözlənilən görüşündən sonra mütləq mənada danışmaq olar.
Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev hesab edir ki, Azərbaycanın torpaqlarının boşaldılması əhəmiyyətlidir. Ancaq bu mərhələlər problemlərə yol açmamalıdır.
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlarda irəliləyişlərin olmasını mühüm sayır. Onun fikrincə, ərazilərin mərhələlərlə boşaldılaraq bərpa işləri üçün hazırlanması gərəkdir.
Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Lorens Hits isə “Amerikanın səsi” radiosuna bildirib ki, bu il Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasının əsas prinsipləri ilə bağlı çərçivə sazişi imzalana bilər. “Ancaq bu, problemin bütövlükdə həlli deyil. Baza prinsipləri ilə bağlı razılıq ola bilər ki, artıq on ildir bundan danışılır”.
Bununla yanaşı, o bundan öncəki danışıqlardakı kimi hər şeyin son anda pozulacağından ehtiyatlanır. “ATƏT-in Minsk qrupunun həmsədrlərinin və tərəflərin pozitiv çağırışları danışıqlarda irəliləyiş olacağına ümidlər verir. Pozitiv çağırışlar danışıqların müsbət istiqamətdə getdiyini göstərir. Bu il həlledici yay, həlledici il və həlledici vaxtdır. Çox kritik il, həssas an və çoxsaylı gözləntilər var. Arzu edərdik ki, təsirlər nəticə versin. Çünki, çox belə hallar olub. Son anda kimsə siyasi riskə getməyib və beləliklə hər şey pozulub”, - deyə o qeyd edib.

XS
SM
MD
LG