Accessibility links

Azərbaycanda təhlükəsizlik islahatları


Bakıda Almaniyanın Marşal Fondunun dəstəyi, “Sülh və Münaqişələrin həlli” Mərkəzinin təşkilatçılığı ilə “Təhlükəsizlik sektorunda islahatlar” mövzusunda iki günlük seminar işinə başlayıb. Seminarda təhlükəsizlik sisteminin islahatları və dünya təcrübəsi müzakirə edilir.
Amerika Hərbi Kollecinin Milli Təhlükəsizlik və Strategiya Departamentinin professoru, Amerika ordusunun ehtiyatda olan polkovniki Alan Stolberq Azərbaycanda təhlükəsizlik sektorunda islahatları başa çatdırmaq üçün ağır və çətin qərarların verilməsini vacib sayır. “Azərbaycanın Təhlükəsizlik sektorunun islahatlarında çox ciddi problemləri var. İslahatların dərinləşdirilməsində əsas problem güc nazirliklərinin səlahiyyətlərinin bir hissəsini güzəştə getmək məsələsidir. Bu olmasa islahatların taleyi çətin olacaq”.
Onun fikrincə, ilk öncə Azərbaycan xalqı ölkənin xarici təhlükələrini müəyyən etməlidir. “Məsələn, Azərbaycanda hesab edirlər ki, Dağlıq Qarabağ, İran, Rusiya, Xəzər faktoru kimi xarici təhlükələr ola bilər. Bu sahədə prioritetlər müəyyən edilməli və buna uyğun islahatlar aparılmalıdır”.
Cənab Stolberqin fikrincə, təhlükəsizlik sistemində islahatlar üçün vacib faktorlardan biri də daxili sabitliyin olmasıdır. “Daxili sabitlik varsa, islahatlar üçün münbit şərait var. Ölkədə demokratik yolla hakimiyyət qurulubsa, cinayətkarlıq və korrupsiya yoxdursa, daxili sabitlik mövcuddur. Daxili sabitlik yoxdursa, xarici təhlükələr varsa, islahatların ciddiliyi sual altındadır”.
Professor hesab edir ki, hər-hansı ölkənin təhlükəsizliyi üçün fiziki təhlükəsizliyin təmin edilməsi vacib faktorlardandır. “Bunun üçün legitim siyasi institutlar qurulmalı, iqtisadiyyat effektiv çalışmalı və insanların sosial rifahı nəzərə alınmalıdır. Təhlükəsizlik sistemi düz çalışmırsa, deməli hökumət legitim deyil. Təhlükəsizlik sistemi düz işləmirsə, geniş mənada insan haqları pozulur, qanunlar yerinə yetirilmir”.
Onun fikrincə, təhlükəsizliyin təmin edilməsi üçün təhlükəsizlik qurumları bir-biri ilə əlaqəli işləməlidir. “Bir nazirlik digəri üzərində dominantlıq etməməlidir. Sistem elə qurulmalıdır ki, prezidentin yanındakı qurumlar digərlərindən üstün səlahiyyətlərə malik olmasın. Təhlükəsizlik qurumlarına həmçinin parlament, məhkəmə və vətəndaş cəmiyyətlərinin nəzarəti təmin edilməlidir. Onların fəaliyyəti şəffaf olmalı və media vasitəsi ilə cəmiyyətə təqdim edilməlidir. Bir sözlə, təhlükəsizlik sisteminin islahatları yaxşı idarəçilik, yaxşı hakimiyyət tərəfindən, vətəndaşların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, parlamentin, ədliyyə sisteminin və medianın nəzarəti altında reallaşmalıdır”, - deyə ekspert qeyd edib.
Azərbaycan Parlamentinin Təhlükəsizlik və Hərbi məsələlər komitəsinin üzvü deputat Pənah Hüseyn təhlükəsizlik sisteminə parlament nəzarətinin olmadığını bildirib. Onun fikrincə, ciddi siyasi islahatlara ehtiyac var.
Deputat Nəsib Nəsibli təhlükəsizlik qurumlarına ayrılan büdcə vəsaiti ilə bağlı parlamentdə ciddi debatların keçirilmədiyini deyir.
Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli hesab edir ki, hazırda təhlükəsizlik qurumlarına ictimai nəzarət yoxdur, amma nəzarətin mexanizmləri formalaşmaq ərəfəsindədir. Çünki, Azərbaycanın NATO və ATƏT qarşısında bununla bağlı öhdəlikləri var.
Azərbaycan-Atlantik Şurasının sədri Sülhəddin Əkbər təhlükəsizlik sistemində hələ köklü və əsaslı islahatların başlamadığı fikrindədir.
Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl Azərbaycana qarşı xarici və daxili təhlükələrin olduğunu deyib. Onun fikrincə, ilk öncə Rusiyadan, İrandan, eyni ilə də beynəlxalq terrorizmi, islam radikalizmi və daxili gərginliklə bağlı təhlükələr qalmaqdadır.

XS
SM
MD
LG