Accessibility links

Avropa İttifaqı Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır


Azərbaycanda səfərdə olan Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycan-Almaniya münasibətlərinin geniş spektri müzakirə olunub. Cənab Məmmədyarov bildirib ki, Almaniya xarici işlər nazirinin səfəri bu ölkənin Avropa İttifaqında sədrliyi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, ikitərəfli əlaqələrə dair məsələlərdən başqa, tərəflər regional məsələlərə də toxunub. Cənab Ştaynmayer danışıqları məhsuldar adlandırıb. O Avropa qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının güclənəcəyinə əmindir. «Danışıqların mövuzalırndan biri də Avropa Qonşuluq siyasəti və Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq idi. Azərbaycan artıq Avropa Qonşuluq siyasətinə dair fəaliyyət planını imzalayıb. Gələn ildən başlayaraq Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha da gücləndiriləcək. Bolqarıstan və Rumıniya Avropa İttifaqına qəbul edildikdən sonra isə Qara dənizin şərq sahilində yerləşən ölkələr də Avropa İttifaqı ilə fəal əməkdaşlıq edəcək. Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişafı üçün Almaniya səy göstərməyə hazırdır». Nazir Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatları yüksək qiymətləndirib. Ölkədə ölüm hökmünün ləğv edilməsi və ombudsman institutunun yaradılması almaniyalı nazirin daha çox diqqətini çəkib. «Bunlar Azərbaycanın hüquq sistemində və insan hüquqları sahəsində islahatlar aparması haqqında fikir yürütməyə əsas verir». Enerji sahəsində əməkdaşlıqdan danışan cənab Ştaynmayer Avropa İttifaqının enerji daşıyıcılarını ixrac edən ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. "Ümid edirəm ki, enerji sahəsində əməkdaşlıq günü gündən güclənəcək. Bizim marağımız böyükdür. Bunda yalnız Almaniya deyil, bütün Avropa İttifaqı maraqlıdır". Almaniya xarici işlər naziri jurnalistlərin ABŞ-ın Çexiya və Polşada Raket Əleyhinə Müdafiə sistemlərini yerləşdirmək planlı ilə bağlı sualının cavabda isə bunları deyib: "Mən bilirəm ki, bir çox ölkələr bu sistemlərlə maraqlanır və onların nə qədər effektiv olacağını zaman göstərəcək. Avropada biz də bu cür sistemlərin yaradılması və yerləşdirilməsi barədə düşünürük. Lakin hələlik texniki baxımdan lazım olan tərəqqiyə nail olmamışıq. Bu sistemlərin lazımlığı və yerləşdirilməsi barədə məsələ tədqiq edilməlidir və şəffaf nəzarət zəruridir». Mövcud məsələdə ABŞ və Rusiya arasında məsləhətləşmələr vacibdirmi sualına, Ştaynmayer "mən bildiyimə görə bu cur məsləhətləşmələr var", deyə cavab verib. Azərbaycan xarici işlər naziri Məmmədyarov isə Bakının İranın nüvə proqramına dair mövqeyilə bağlı suala cavab verib.«Bu mövzuya Almaniya xarici işlər naziri ilə danışıqlar zamanı da toxunulub. 5+1 formatında aparılan danışıqlar barədə məlumat verdiyinə görə Almaniya tərəfinə minnətdaram. Azərbaycan mövcud məsələnin diplomatik yolla və ilk növbədə MAQATE çərçivəsində həllinə tərəfdardır»-deyə o qeyd edib.
XS
SM
MD
LG