Accessibility links

Amerika-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası olub


Bakıda ABŞ dövlət katibinin iqtisadi, enerci və biznes məsələləri üzrə müavini Daniel Salivan və Azərbaycan maliyyə naziri Samir Şərifovun həmsədrliyi ilə ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçirilib. Tədbirdə Azərbaycan hökumətinin üzvləri, deputatlar, ABŞ tərəfdən Dövlət Departamentinin, ticarət, energetika, maliyyə, kənd təsərrüfatı nazirliklərinin, Ticarət Nümayəndəliyi idarəsinin, Ticarət və İnkişaf Administrasiyasının, Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri iştirak edib. Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlıq dialoqu ilk dəfədir geniş tərkibdə müzakirə olunur. Onun fikrincə, Azərbaycan prezidentinin ötən ilin aprelində ABŞ-a səfərindən sonra Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələ yaşanır. Maliyyə naziri Azərbaycan iqtsiadiyyatının sürətli inkişafı, yeni iş yerlərinin açılması, ölkənin kredit reytinqi, enerci siyasəti, neft və qaz kəmərləri, Transxəzər dəhlizi və başqa sahələrlə bağlı məlumat verib. "Azərbaycan hökumətinin əsas məqsədi əhalinin rifah halını yaxşılaşdırmaq və yoxsulluğun səviyyəsini aşağı salmaqdır. 2006-cı ildə Azərbaycan iqtisadiyyatına 7 milyard dollar investisiya qoyulub. Hazırda valyuta ehtiyatlarımız 4 milyard dollar, 2007-ci il dövlət büdcəsi isə 8 milyard dollar təşkil edir". Nazir komissiyanın iclasında geniş, açıq və konstruktiv fikir mübadiləsi aparıldığını deyib. O ABŞ-ın təşəbbüsü ilə açıq hava məkanı ətrafında da müzakirələrin başlandığını diqqətə çatdırıb. Bu müzakirələr tərəflərin hava məkanını digəri üçün açmasını əhatə edir. Daniel Salivan Azərbaycanın nəinki energetika, eyni zamanda iqtisadi inkişaf sahəsində regionda lider dövlət olduğunu bildirib. Onun fikrincə, ABŞ Azərbaycanda iqtsiadi inkişafı təqdir edir. Dövlət katibinin müavini iki ölkə arasında münasibətlərin üç sütun üzərində qurulduğunu deyib. "Bu sütunlar terrorizmə qarşı mübarizə, qlobal təhlükəsizlik və demokratiyanın gücləndirilməsidir. İki ölkə arasında enerci təhlükəsizliyi ilə bağlı danışıqlar davam etdiriləcək. İclasda ABŞ-Azərbaycan əməkdaşlığının hazırki vəziyyəti, kənd təsərrüfatı, texnologiylar, davamlı iqtisadi artım, investisiya, Azərbaycan iqtisadiyyatının müxtəlifliyinin təşviqi, maliyyə sektorunda islahatların davam etdirilməsi, Ümumdünya Ticarət Təşkilatına daxil olmanın sürətləndirilməsi, biznes mühitinin gücləndirilməsi, enerci sektorunun inkişafı, korrupsiyanın aradan qaldırılması, şəffaflığın artırılması, inflyasiyanın nəzarətdə saxlanması, mülki aviasiyanın inkişafı üçün Açıq Hava Məkanı dialoqunun davam etdirilməsi məsələləri müzakiri olunub". Dövlət katbinin müavini iki ölkə arsındakı münasibətlərin təkcə müzakirələrlə məhdudlaşmayacağına əmindir. "Ümid edirik ki, müzakirələr nəticəsində dəyişikliklərə nail olacağıq. Müzakirələr gələcəkdə mütəmadi dialoqun yaradılmasına təkan verəcək. Biz müəyyən yol xəritəsi çəkib, qarşımıza məqsəd qoymalıyıq". Komissiyanın həmsədrləri iclasdan sonra «Amerikanın səsi» radiosunun korrupsiya və demokratiya ilə bağlı sullarına da cavab verib. Cənab Şərifov bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı Baş prokuror Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, korrupsiya barədə ABŞ tərəfi də fikir söyləyib. Daniel Salivan isə tədbirdə şəffaflıq və idarəçilik məqamları ilə bağlı səmərəli müzakirələr keçirildiyini deyib. «Azərbaycan qanunvericiliyinin müxtəlif sahələrində atılmış pozitiv addımlar barədə vacib məlumatlar aldıq. Birgə kommunike imzalanıb və burada görüləcək işlər əksini tapıb. ABŞ kompaniyalarının burada fəaliyyəti və investisiyaların səviyyəsi artırılanda Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizəsi daim gündəmdə olur». Müzakirələrin nəticəsi olaraq iki ölkə arasında Memorandum və gömrük, planlaşdırılmış yardım, dövlət investisiya siyasəti, xəzinədarlıq, səhiyyə xidməti, təxirəsalınmaz tibbi yardım, dövlət neft fondunun institusional inkişafı sahələrini əhatə edən səkkiz sənəd imzalanıb.
XS
SM
MD
LG