Accessibility links

ABŞ dövlət katibinin müavini Azərbaycanda «Amerika guşəsi»nin açılışında iştirak edib


Azərbaycanın Xaçmaz şəhərində rayon mərkəzi kitabxanasında "Amerika güşəsinin" açılışı olub. Mərasimdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ dövlət katibinin Avropa və Avrvsiyada ictimai diplomasiya məsələləri üzrə müavini Kollin Qrafi, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iştirak edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, indiyədək ABŞ səfirliyinin yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində on kitabxanada informasiya mərkəzləri yaradılıb və nazirlik bu təşəbbüsün respublika səviyyəsində həyata keçirilməsinə tərəfdardır. Həmin mərkəzlər müasir texnologiyalarla təchiz edilib və internetə çıxışı var. Nazirin qənaətincə, yalnız Xaçmazda açılmış mərkəz son bir ildə mindən çox oxucu cəlb edib. Cənab Qarayev Azərbaycan kitabxanalırnada ABŞ guşələrinin açılışını iki ölkə arasındakı ictimai münasibətlərin inkişafında mühüm addım adlandırıb. O hesab edir ki, ABŞ kitabxanalarında Azərbaycan guşələrinin yaradılması da faydalı olar. Nazir Azərbaycanda kitabxanaların müasirləşməsini, mərkəzləşməsini, informasiya texnologiyaları ilə təchizatını nəzərdə tutan dövlət proqramının hazırlandığı barədə də məlumat verib. Onun sözlərinə görə, dövlət proqramını yaxın günlərdə prezident təsdiq edəcək. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, «Amerika güşələri» Xaçmazdan sonra Gəncə, Lənkəran, Salyan və Kürdəmir şəhərlərində açılacaq. Onun fikrincə, bu güşələr Azərbaycandan Amenrikaya açılan pəncərədir. Səfir guşəyə girişin pulsuz və cəmiyyətin bütün üzvləri üçün açıq olduğunu diqqətə çatdırıb. Dövlət katibinin müavini Kollin Qrafi isə "Amerika güşələri"nin iki ölkə xalqlarını daha çox yaxınlaşdıracağına əmindir.«Mən hamını Azərbaycanda açılacaq beş «Amerika guşəsi»nə baş çəkməyə dəvət edirəm. Ona görə yox ki, burada müasir texnologiyalar quraşdırılacaq, çoxlu kitablar olacaq. Ona görə ki, bu güşələr hər bir insanı Amerikaya getmək ideyasına daha da yaxınlaşdıracaq». Sonra xanım Qrafi Azərbaycanın Quba rayonunda dağ yəhudilərinin yaşadığı «Qızıl Sloboda» qəsəbəsində yerli icmanın nümayəndələri ilə görüşüb, sinaqoqlara baş çəkib. Yerli icmanın nümayəndələri Azərbaycanda insanların tolerantlığından ABŞ dövlət katibinin müavininə razılıq bildirib. «Baxın sinaqoqun pəncərəsindən görünən müsəlman məscididir. Biz müsəlman icması ilə çox mehriban yaşayırıq. Bir-birimizin bayramlarında, toyunda, yasında iştirak edirik. Azərbaycanın ümumi bayramlarını isə birgə qeyd edirik. Məsələn, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsi yad ediləndə, 20 yanvar hadisələrinin ildönümündə müsəlman axundu ilə yəhudi ravini bərabər dua oxuyur. Yəhudilər Azərbaycanda gələcəklərinə inamla baxır. Əgər biz gələcəyimizə inamla baxmasaydıq, burada böyük malikanələr tikməzdik, sinaqoqlarımızı bərpa etməzdik. Hesab edirik ki, yəhudilərin Azərbaycanda gələcəyi daha uğurlu olacaq. Çünki bu ölkənin nə qanunlarında, nə məmurların münasibətlərində, nə də icmaların hərəkətlərində dini və milli ayrıseçkilik yoxdur»-deyə o qeyd edib.
XS
SM
MD
LG