Accessibility links

Amerika Beynəlxalq Təhsil Şurası Azərbaycanda iki proqram üzrə müsabiqə keçirir 


Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Azərbaycanda “Gənc müəllimlər üçün İnkişaf” və «Hamfri» proqramlarına müsabiqə keçirir. Bu barədə bu gün ABŞ Təhsil mərkəzində təşkil olunmuş mətbuat konfransında Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Dmitri Taraxovski bildirib. Onun sözlərinə görə, müsabiqədə ali təhsil müəssisələrində çalışan gənc müəllimlər və orta səviyyəli mütəxəssislər iştirak edə bilər. ACCELS-in Azərbaycandakı nümayəndəsi Şeyn Ostin bildirib ki, ABŞ Dövlət Departamenti artıq 14 ildir təhsil proqramları həyata keçirir. «Gənc müəllimlər üçün İnkişaf Proqramı” və «Hamfri» proqramları isə 1999-cu ildən elan edilib. «Bu proqramlar vasitəsilə Azərbaycan vətəndaşları ABŞ universitetlərində, müvafiq kafedralarda ixtisasları üzrə təcrübə öyrənir. «Gənc müəllimlər üçün İnkişaf Proqramı” gənc müəllimlərə dərs deməyin yollarını və üsullarını öyrədir. Müsabiqənin qalibləri 5 ay ABŞ universitetlərində olduqdan sonra Azərbaycana qayıdır və burada təcrübəsini yerli mütəxəssislərlə bölüşür». ABŞ səfirliyinin təhsil məsələləri üzrə mütəxəssisi Afət İbrahimova isə «Hamfri» proqramı barədə danışıb. Onun sözlərinə görə, proqramın müddəti 10 aydır. Öz növbəsində, Dmitrii Taraxovski ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramları çərçivəsində hər il 150-dək Azərbaycan vətəndaşının ABŞ –da təhsil aldığını bildirib. «Dövlət Departamenti 2005-ci ildən başlayaraq Azərbaycan vətəndaşlarının Amerikada təhsil proqramlarına hər il təxminən 7 milyon dollar xərcləyir»-deyə o qeyd edib.
XS
SM
MD
LG