Accessibility links

Azərbaycanda beynəlxalq ana dili günü  qeyd olunur


Azərbaycanın Atatürk mərkəzi və YUNESKO-nun Azərbaycan Milli Komissiyası Beynəlxalq Ana Dili günü münasibətilə dəyirmi masa keçirib. Tədbirdə BMT-nin Azərbaycan ofisinin, YUNESKO-nun Azərbaycan Milli Komissiyasının nümayəndələri, deputatlar, dilçi alimlər, mlli azlıqların təmsilçiləri və ziyalılar iştirak edib. BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Ənvəra Səlimoviç bildirib ki, ana dili insan şəxsiyyətinini inkişafının əsasını təşkil edir və hər bir insan ömrünün sonunadək dilinə arxalanır. «Ana dilləri həm də müxtəlfilik deməkdir. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soy kökü təyin edir. Dillər ictimai həyatın bütün sferalarında, xüsusilə də təhsildə gedən inteqrasiya proseslərində mühüm rol oynayır»-deyə o qeyd edib. Onun sözlərinə görə, YUNESKO 1999-cu ildə Beynəlxalq Ana Dili gününü elan edib. "Hazırda dünyada 6.000 dil qeydə alınıb. Bu dillərin 96 faizini dünya əhalisinin yalnız 4 faizi danışır. Ekspertlərin qənatinə görə, dünyada hər iki həftədə bir dil ölür. Belə gedərsə gələn əsrədək dillərin yarısı olmayacaq. Hazırda insanlar daha çox işlək dillərə üstünlük verir. Bu səbəbdən də, 2007-ci ildə ana dili və çoxdillilik arasında əlaqələrin təbliği üstünlük təşkil edəcək. Azərbaycanda çoxsaylı dillər var və bu tolerantlıq düynaya bir nümunədir". YUNESKO-nun Azərbaycan milli komissiyasının baş katibi Fuad İsgəndərov Azərbaycanda sivilizasiyalar arasında dialoqun təşəkkül tapdığını deyib. Onun fikrincə, 15 il öncə təhlükə kimi dəyərləndirlən milli və dini müxtəlfilik artıq Azərbaycanın ən vacib sərvəti kimi qiymətləndirilir. Cənab İsgəndərovun sözəlrinə görə, Azərbaycan hökuməti öz tolerantlığını hərəkətlərində nümayiş etdirir. «Ötən il YUNESKO-da Azərbaycan həftəsi çərçivəsində etnik qruplar mədəni nümunələrini nümayiş etdirib. Ötən ilin dekabırnda isə Bakı şəhərində milli azlıqların musiqi festivalı keçirilib. Milli azlıqların dilində hətta uşaq nağıl kitabları belə çap olunub". Atatürk mərkəzinin müdiri Nizami Cəfərov bildirib ki, Azərbaycanda Qafqaz, İran və Sami dillərində danışırlar. Onun dediyinə görə, ölkədə etnik dil mənzərəsi müxtəlifdir və heç bir dil özünü gəlmə hesab etmir. Cənab Cəfərovun sözlərinə görə, Azərbaycan dili təkcə siyasi məkanla məhdudlaşmır. Dünyaya səpələnmiş 50 milyon azərbaycanlının yalnız beşdən biri Azərbaycan Respublikasında yaşayır. Akademik Afat Qurbanov dünyada dillərin sayının YUNESKO-da qeydə alınmış 6.000-dən çox olduğunu bildirib. Onun fikrincə, təkcə Qafqazda yüzdən çox dil var. Akademik YUNESKO-nu ölməkdə olan dillərin dirçəlməsi üçün tədbir görməyə çağırıb. «Dağ Yəhudiləri» icmasının rəhbəri Semyon İxilov Azərbaycanda dağ yəhudilərinin mövcudluğunun 2700 ildən çox olduğunu və həmişə öz dillərində danışdığını bildirib. "Dağ yəhudiləri ana dillləri ilə yanaşı Azərbaycan dilində də hətta azərbaycanlılardan mükəmməl danışır. Onların çoxu Azərbaycan dilində ali təhsil alıb və gözəl mütəxəssislərdir. Azərbaycan dili burada yaşayan bütün milli azlıqların doğma dilidir". Edenburq universitetinin doktoru Qulamrza Səbri Təbrizi İranda dillərin diskriminasiyaya məruz qaldığını deyib. Cənab Təbrizi azərbaycanlıdır və o uşaq vaxtı İranda öz dilində danışdığına görə məktəbdə kötəklənib. Onun sözlərinə görə, indi də İranda Azərbaycan dili diskriminasiyaya məruz qalır və öz dilində məktəb tələb etdiyinə görə yüzlərlə insan həbsdədir. Talış icmasının nümayəndəsi Əbülfəz Rəcəbov xarici ölkələrdən olan tələbələrə Azərbaycan dilinin öyrədilməməsindən narahatdır. Onun sözlərinə görə, yerli radio və televiziyalarda da dövlət dilinin qaydalarına məhəl qoyulmur. Professor Fəxrəddin Abbasov Azərbaycan əlifbasının internet variantının çətinliklər yaratdığını deyib. Onun sözlərinə görə, əlifbanın vahid elektron versiyasının yaradılmasına ciddi ehtiyac var. Alim yerli mətbuatın dilini də tənqid edib. Kürd icmasının təmsilçisi, yazıçı Əhməd Hapo ölkədə bütün mlli azlıqların mətbuat və ədəbiyyatına hörmətlə yanaşıldığını bildirib. Onun əsərləri azərbaycan dili ilə yanaşı digər dillərə də tərcümə olunub. Professor Kamil Vəli Nərimanoğlu hesab edir ki, milli azlıqlar onlara verilən hüquqlardan istifadə edərək dövlət içində dövlət yaratmaq, terrora dəstək vermək kimi neqativ əməllərə baş vurmamalıdır. Alimin fikrincə, İranda, Ermənistanda, Rusiyada, Gürcüstanda və İraqda azərbaycan dili diskriminasiyaya məruz qalır. Azərbaycan təhsil nazirliyinin təmsilçisi Ağababa İbrahimov isə Azərbaycanda tədris digər dillərdə olan 400 məktəbin olduğunu bildirib. "Eyni zamanda çoxsaylı məktəblərdə avar, talış, ləzgi, kürd, saxur və başqa dillərdə dərslər keçilir"-deyə o qeyd edib.
XS
SM
MD
LG