Accessibility links

Türkmənistanın müdafiə naziri Azərbaycanda səfərdədir


Türkmənistanın Müdafiə naziri Ağagəldi Mamedgəldiyev Azərbaycanda iki günlük səfərdə olub. Səfər zamanı o Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunub, baş nazir, Milli Məclisin sədri, müdafiə və xarici işlər nazirləri ilə danışıqlar aparıb. Danışıqlarda iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün çox yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan prezidenti iki ölkə xalqlarının dostluq və əməkdaşlıq şəraitində yaşadıqlarını, ənənəvi qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinin zəruriliyini bildirib. Cənab Mamedgəldiyev isə Türkmənistan və Azərbaycanın müdafiə nazirlikləri arasında əməkdaşlığın əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından faydalı olduğunu deyib. Bu gün isə 7 illik fasilədən sonra Türkmənistanın Azərbaycanda səfirliyi də rəsmi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna bildirib ki, iki ölkə başçısının iradəsinə uyğun olaraq münasibətlər uğurla davam edəcək. Cənab Məmmədov hesab edir ki, iki ölkə rəhbəri Xəzərin hüquqi statusu, transxəzər qaz kəməri məsələlərini və problemləri də həll etmək iradəsindədir. Müstəqil politoloq Rasim Musabəyov da eyni soydan olan iki dövlətin xalqları arasında tarixi yaxınlığın davam etdirilməsini müsbət qarşılayır. Onun fikrincə. əməkdaşlığın dərinləşməsi həm bölgənin təhlükəsizliyi, həm də qarşılıqlı maraqlar daxilində birgə layihələrdə iştirak baxımından əhəmiyyətlidir. Politoloq hesab edir ki, iki dövlət arasında əməkdaşlıq mühitinin yaranması Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrə, hərbi sahədə münasibətlərin inkişafına da təkan verə bilər.
XS
SM
MD
LG