Accessibility links

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Azərbaycanda mətbuata təzyiqlərdən narahatdır


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti Azərbaycan prezidenti İlham Əliyevə müracəit edib. O ölkədə mətbuata hücum hallarına son qoyulmasını və bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün "hüquqi islahat"lar keçirilməsini xahiş edir. Cənab Xaraşti jurnalistlərə qarşı son məhkəmə proseslərilə əlaqədar narahatlığını bildirib. «Jurnalistlərin məhkəmə təqiblərinin yeni dalğası, prezident İlham Əliyevin 2005-ci ilin martında irəli sürdüyü təşəbbüsün real addımlarla möhkəmləndirilməsini vacib edir. O vaxt Siz, dövlət məmurlarına müraciət edərək onları KİV-ri məhkəməyə verməməyi tövsiyyə etmişdiniz. Mən məyusam ki, dövlət başçısının xahişilə artıq hesablaşmırlar. Hazırda azı 5 yurnalist və qəzet böhtan ittihamı ilə cinayət və mülki iddialarla rastlaşıb. «Milli Yol» və «24 saat» qəzetlərinin redaktorları təqsirli bilinərək azadlıqdan məhrum edilib. Jurnalist-satirik Mirzə Sakit isə narkotiklərin satışı ittihamı ilə məhkəmə rrosesində öz taleyinin həllini gözləyir, hərçənd ki, jurnalist bunu inkar edir» Xaraşti qeyd edir ki, bütün hallarda iddiaçılar dövlət məmurlarıdır. ATƏT nümayəndəsi mətbuat sahəsində hüquqi islahatlara keçməyin vaxtının çatdığını bildirib. "İslahat jurnalistlərə qarşı məhkəmə işlərindən başlaya bilər. Böhtan və təhqir barədə Cinayət Məcəlləsinin maddələrilə ilə irəli sürülən ittihamlar Mülki Məcəllənin maddələri ilə əvəz oluna bilər. Eyni zamanda, mülki qanunvericiliyə yenidən baxılmalı, böhtana görə cəza daha tarazlaşdırılmış olmalıdır. Bunu İnsan hüquqlarına dair Avrora məhkəməsinin prinsirlərinə uyğun etmək lazımdır. İlk növbədə cərimələrin həddi ağlabatan dərəcədə olmalıdır» Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cənab Xaraştinin mətbuata təzyiqlərlə bağlı fikirlərini qəbul etmir. O, «Amerikanın səsi» radiosuna Azərbaycanda mətbuat sahəsində islahatların davam etdirildiyini və KİV-in fəaliyyətini tənzimləyən bütün dövlət orqanlarının ləğv edildiyini deyib. Eyni zamanda, şöbə müdiri Azərbaycan hökumətinin beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT və Avropa Şurası ilə mətbuat islahatları sahəsində əməkdaşlığı davam etdirəcəyini bəyan edib. Cənab Həsənov mətbuatın məhkəməyə verilməsini normal qarşılayır və beynəlxalq təşkilatları da bunu normal qarşılamağa çağırır. Cənab Həsənov böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı təklfi real saymır. Onun sözlərinə görə, bu maddə Avropanın bir çox dövlətlərində də tətbiq edilir. Yeri gəlmişkən onu da bildirim ki, bu gün dövlət məmurunun xüsusi ittiham qaydasında böhtan iddiası üzrə mətbuata qarşı daha bir məhkəmə prosesi davam edib. Daxili İşlər nazirinin iddiası üzrə keçirilən məhkəmədə «Realnıy Azərbaycan» qəzetinin baş redaktoru Eynullah Fətullayevin iki il yarım azadlıqdan şərti məhrum edilməsi istənilir.
XS
SM
MD
LG