Accessibility links

Avropa Birliyi Azərbaycanda mətbuat azadlığının vəziyyəti ilə əlaqədar bəyanatla çıxış edib


Avropa Birliyi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin mühakimə edilməsi və iki il yarım müddətinə həbsə məhkum olunması xəbərini ciddi narahatlıqla qarşılayıb: «Biz Daimi Şuranın martın 1-də ifadə etdiyi narahatlığı bir daha təkrarlamaq istəyirik ki, rəsmi şəxslərin böhtana görə cinayət təqibi haqqında iddialarından mətbuat azadlığının məhdudlaşdırılması məqsədilə istifadə olunur». Bəyanatda bildirilir ki, Avropa Birliyi ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin bu məsələ üzrə aydın və sərt reaksiyasını tamamilə dəstəkləyir. Avropa Birliyi hakimiyyəti hazırda Azərbaycanda olan Haraşti ilə konstruktiv dialoq aparmağa çağırır: «Biz hadisələrin pozitiv inkişafını, Haraştidən onun Azərbaycana səfərinin nəticələri üzrə məlumat gözləyirik və yaxın gələcəkdə bu məsələyə yenidən qayıtmaq niyyətindəyik». ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Mikloş Xaraşti isə bu gün prezident İlham Əliyevlə görüşündə dövlət başçısını jurnalistlərin cinayət təqibinə son qoymağa və cinayət məcəlləsindən diffamasiyaya görə cinayət məsuliyyətini çıxarmağa çağırıb. ATƏT-in Bakı ofisinin məlumatında deyilir ki, M.Xaraşti prezidentlə görüşdə diqqəti Azərbaycanda 5 jurnalistin həbsdə olmasına və KİV təmsilçiləri üzərində gözlənilən yeni cinayət proseslərinə yönəldib. "Mən dövlət başçısına 2005-ci ildə jurnalistlərə qarşı iddialara moratoriya qoymasına və keçən il iki jurnalisti əfv etməsinə görə təşəkkür etdim. Mən həmçinin göstərdim ki, ATƏT dövlətləri arasında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkədir"- deyə M.Xaraşti qeyd edib. Bu zaman M.Xaraşti ən çox oxunan qəzetlərdən birinin redaktoru olan Eynulola Fətullayevlə bağlı məsələ üzərində xüsusilə dayanıb. Bununla birgə M.Xaraşti Milli Tele-Radio Şurasının ANS telekanalına daha 6 il müddətinə lisenziya verilməsini alqışladığını deyib.
XS
SM
MD
LG