Accessibility links

Azərbaycan və Avropa qonşuluq siyasəti müzakirə olunub


Bakıda Azərbaycan xarici işlər nazirliyi, Avropa Evi, Almaniyanın Fridrix Ebert Fondu və ABŞ-ın Açıq Cəmiyyət institutunun dəstəyi ilə «Azərbaycan və Avropa qonşuluq siyasəti» mövzusunda beynəlxalq konfrnas keçirilib. Tədbirdə ötən il Azərbaycanla Avropa Birliyi arasında imzalanmış «Avropa Birliyi-Azərbaycan fəaliyyət planı» ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, 1996-cı ildən başlayaraq Azərbaycanın AB ilə tərəfdaşlıq və əməkdaşlığının siyasi-hüquqi əsasları yaradılıb. 2006-cı ilin noyabrında isə Avropa qonşuluq siyasəti çərçivəsində «Azərbaycan-AB fəaliyyət Planı» qəbul edilib və əməkdaşlığın ikinci mərhələsi başlayıb. Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Alan Vaddamsın sözlərinə görə, ilk dəfə fəaliyyət planı çərçivəsində hökumət, vətəndaş cəmiyyəti və Avropa strukturları nümayəndələri bir araya gəlib. «Qonşuluq siyasəti Aralıq dənizi hövzəsi və keçmiş SSRİ-nin 12 dövlətini əhatə edir. AB Rusiya ilə münasibətləri ayrıca qurur. Qonşuluq siyasəti sabitliyin, inkişafın və demokratiyanın möhkəmlənməsinə yönəlib. Bu siyasət cəmiyyətin bütün strukturlarını - hökuməti, bələdiyyələri, həmkarlar ittifaqlarını, qeyri hökumət təşkilatlarını əhatə edir. Avropa qonşuluq siyasətinin mühüm istiqamətlərindən biri azad ticarətin təşviq edilməsidir. O həmçinin ekologiya, islahatlar, hüquq sahələrində, məhkəmə sisteminin təkmilləşdirilməsində tədbirləri nəzərdə tutur». Onun sözlərinə görə, azad ticarət rejiminin inkişafı üzrə tədbirlərin dəstəklənməsi Azərbaycanın ÜTT-yə daxil olması prosesini tezləşdirəcək. «Bundan başqa, qonşuluq siyasəti sərhədlərdən sərbəst keçidi, viza rejiminin sadələşdirilməsini, miqrasiya sahəsində əməkdaşlığı, enerji təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Avropa qonşuluq siyasətinin əsas vəzifələri həmçinin demokratiyanın inkişafı məsələləridir. Bu ilin payızında AB Bakıda öz nümayəndəliyini açacaq, demokratiya və insan hüquqları ilə məşğul olan xüsusi nümayəndə təyin olunacaq». Azərbaycanın Avropaya İnteqrasiya üzrə İctimai Komitəsinin həmsədri İradə Bağırova bildirib ki, qurum Azərbaycanın Avropa strukturlarına inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin yardım etməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, komitə fəaliyyət planına əlavələr edilməsi ilə bağlı təkliflər də hazırlayır. "Avropa Evi"nin Bakıdakı koordinatoru Volfqanq Şporer bildirib ki, Azərbaycanın fəaliyət planı əsasən on prioritet sahəni əhatə edir . «Bunlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhvə verməyi, ədalətli, şəffaf seçki sistemi vasitəsi ilə demokrtaiyanın, insan hüquqlarının, əsas azadlıqlarının və qanunun aliliyinin müdafiəsini, korrupsiyaya qarşı mübarizəni, enerji üzrə ikitərəfli, enerji, nəqliyyat üzrə regional əməkdaşlığın gücləndirilməsini, gömrük xidmətinin təkmilləşdirilməsini, kənd ərazilərinin inkişafını, yoxsulluğun azaldılmasını, sərhədlərin idarə edilməsində əməkdaşlığın artılıpmasını nəzərdə tutur». Cənab Şporerin sözlərinə görə, Avropa İttifaqı 2007-2010-cu illərdə qonşuluq siyasətinin həyata keçirilməsi üçün 12 milyard avro qrant və bir o qədər də Avropa Yenidənqurma bankı vəsait ayıracaq. «Azərbaycanda fəaliyyət Planının həyata keçirilməsi üçün AB 92 mln. avro ayırılıb. Bu, Gürcüstan və Ermənistan üçün ayrılan məbləğlərdən azdır. Lakin vəsaitlərin bölgüsü zamanı ölkələrin adam başına düşən ÜDM-i nəzərə alınıb. Bundan başqa, vəsaitlər ölkələrin özlərinin sorğularına əsasən tərtib olunmuş konkret layihələrə ayrılıb. Lakin regional sərhədyanı əməkdaşlıq layihələrində iştirak edərək, Azərbaycan əlavə yardım ala bilər»- deyə o qeyd edib.
XS
SM
MD
LG