Accessibility links

Azərbaycan jurnalistləri on gündür aclıq edir


Jurnalistlərin aclıq aksiyası 10-cu gündür davam edir. Hazırda 25 nəfər aclıq edir. “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahbələd Çobanoğlu “Amerikanın səsi” radiosuna aksiyaya qoşulanların sayının günbəgün artdığını bildirib. Bu gün Avropa Birliyinə daxil olan Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yunanıstanın səfirliklərinin təmsilçiləri jurnalistlərə baş çəkib. Almaniya səfirliyinin təmsilçisi Robert Zestner Avropa Birliyi ölkələrinin jurnalistlərinin tələblərini diqqətdə saxladığını deyib. “Sizin Avropa qurumları tərəfindən siyasi məhbuslar və vicdan məhbuslarının azad edilməsi mexanizminin açıqlanması haqda tələblərinizi səfirliklər və Avropa qurumları nəzərə alacaq”-deyə o qeyd edib. Günün maraqlı hadisəsi isə AXCP sədrinin müavini Fuad Mustafayevin 50 illik yubileyini aclıq etməklə qeyd etməsidir. Çoxsaylı dostları onu təbrikə gəlmişdi. AXCP sədri Əli Kərimli mübarizə dostuna demokratiya uğrunda mübarizədə uğurlar arzulayıb. Cənab Mustafayev bu günü ömrünün ən mənalı anı hesab edir. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də jurnalistlərin aclıq aksiyasına münasibət bildirib. O hökumətinin azad mətbuatı dəstəklədiyini deyib. “Azərbaycanda jurnalistlərin fəaliyyət göstərməsi üçün yaranmış mühit son bir neçə ildə olduqca mürəkkəbləşib. Amerika Azərbaycanda azad və ədalətli şəkildə fəaliyyət göstərən medianın fəaliyyətini dəstəkləyir. Azad və etik normalara əməl edən media demokratiyanın inkişafının göstəricisidir. Media müstəqil məhkəmə və qanunverici hakimiyyətlə birgə cəmiyyətdə hadisələrə münasibətdə balans yaradan amildir. Hökumət şərait yaratmalıdır ki, media gücü və səlahiyyətini vətəndaşların marağına sərf etsin. İnsanlar informasiya almaq və cəmiyyətdə fəal rol oynamaq imkanına malik olmalıdırlar». Jurnalistlərlə bağlı daha bir maraqlı məlumat. “Azadlıq” qəzetinin martın 13-də bıçaqlanmış müxbiri Aqil Xəlil istintaqa çağrılıb. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun sözlərinə görə, dünən 4 müstəntiq jurnalistin qarşısında cinayət işi ilə bağlı üç şərt qoyub. “Müstəntiqlər Aqil Xəlilə ya onu "mavi"lərdən, ya iş yoldaşlarından kiminsə bıçaqlamasını bildirməsi şərtini qoyub. Ona bildiriblər ki, əks halda jurnalistin hansısa "mavi"lə intim əlaqədə olması barədə hansısa telekanalda bir "mavi"nin ifadəsi səslənəcək”. Cənab Əhmədov bu bəyanatla çıxış etdikdən sonra o dərhal istintaq orqanına dəvət edilərək xəbərdarlıq olunub. Öz növbəsində, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev deyilənləri “Amerikanın səsi” radiosuna təkzib edib, istintaqın obyektiv və qanunvericiliyə uyğun aparıldığını deyib. “Azadlıq” qəzetinin direktoru istintaq orqanına çağrılıb, istintaq və təhqiqat məlumatlarını yaymağa görə Cinayət Məcəlləsi ilə məsuliyyət daşıması barədə xəbərdarlıq edilib”-deyə o bildirib. Bu gün Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanda səfərdə olan “Aqo” qrupu da hökuməti jurnalistləri həbsdən azad etməyə çağırıb.
XS
SM
MD
LG