Accessibility links

Azərbaycan televiziyaları və hökumətin tərifi


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azad dalğalar” layihəsi üzrə Azərbaycanda fəaliyyət göstərən teleradioların monitorinqinin ilkin nəticələrini açıqlayıb. Monitorinq bu ilin mayında başlayıb və 20 ay davam edəcək. Layihə RATİ, Media Hüququ İnstitutu, Hollandiya Jurnalistika məktəbi və Bolqarıstanın “MEMO-98” İnstitutu tərəfindən həyata keçirilir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən televiziya və radioların heç biri plüralizmı sahəsində Avropa standartlarına uyğun verilişlər yaymır.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılınin sözlərinə görə, Azərbaycanın regionlarında bir dənə belə FM tezliyində yayımlanan radio fəaliyyət göstərmir. “Amma bu boşluğu cənubda Iran, şimalda Rusiya, qərbdə isə Ermənistan və Gürcüstan radioları doldurur. Bu regionlarda FM tezliklərində qonşu dövlətlər, xüsusən Ermənistan və İran əsasən Azərbaycanın əleyhinə yönəlmiş verilişlər yayır”.
Telekanallara gəlincə, cənab Hacılı hesab edir ki, AzTV-nin fəaliyyəti heç bir qanunla tənzimlənmir. Bu kanal bütünlüklə hakimiyyətin iradəsindən asılıdır və müstəqil mövqe ifadə etmir. İctimai televiziyanın fəaliyyəti isə qanunla tənzimlənsə də, burada daxili qaydalar olmadığından jurnalistlər rəhbərlikdən asılı vəziyyətdədir.
O həmçinin, media sahəsində mülkiyyətçilik məsələsinin ictimaiyyətə aydın olmadığını deyib. “Hazırda kommersiya televiziyalarının həqiqi sahibinin kim olduğu cəmiyyət üçün tam aydın deyil. Məhz bu səbəbdən də plüralizminin təminatı sual altındadır”, - deyə o qeyd edib.
Ekspert Rəsul Cəfərovun dediyinə görə, monitorinq dövründə yalnız ANS televiziyasında hakimiyyətin mədhinə geniş yer verilməyib. Digər televiziyaların xəbərlərinin əksəriyyəti dövlət başçısının, hökumətin və hökumət üzvlərinin tərifinə həsr edilib. Hətta idman televiziyası da geri qalmayıb. Əlbəttə iqtidarın tərifinə görə AzTV liderlik edir. “May ayında AzTV xəbərlərinin 98%-nin hakimiyyətə həsr edib. Xəzərlərin 42%-ni Prezidentə, 13%-ni hökumətə, 1%-ni Prezident Administrasiyasına, 2%-ni yerli icra orqanlarına, 17%-ni keçmiş Prezident Heydər Əliyevə, 16%-ni Heydər Əliyev Fonduna, 7%-ni hakim Yeni Azərbaycan Partiyasına (YAP) həsr edib. Parlamentdə təmsil olunmayan siyasi partiya nümayəndələri də daxil olmaqla digər siyasi qurumlara 2%-ə qədər yer ayrılıb və bu işıqlandırma neytral xarakterli olub. AzTV kimi İTV-də özünün əsas xəbərlər buraxılışlarının (monitorinqi aparılan vaxtın 89%-i) ən çox vaxtını hazırkı Prezidentə ayırıb (33%), növbəti yerlərdə Prezident Administrasiyasını (12%), hökuməti (18%), yerli icra orqanlarını (2%), keçmiş Prezident H.Əliyevi (10%), H.Əliyev Fondunu (2%), YAP-ı (12%) görmək mümkündür. Bu işıqlandırma müstəsna olaraq müsbət və ya neytral xarakterli olub. Digər telekanallarından fərqli olaraq, İTV Parlamentə təmsil olunmayan siyasi partiya nümayəndələrinə və həmçinin müxalifətə də müəyyən vaxt ayırıb – işıqlandırmanın 11%-nə qədər. Ancaq bu hakim qüvvələrə həsr olunmuş vaxtdan olduqca azdır. Bundan əlavə, ictimai mandatlara zidd olaraq İTV-nin (habelə AzTV-nin) xəbərlər və informasiya proqramları vətəndaşların ictimai xarakterli məlumatların əldə etməsinə və analizinə kömək edə bilən tənqidi və analitik informasiyalar vermir. Bu hallar “Teleradio yayımı haqqında” Qanunun 2-ci və 32-ci maddələrinə ziddir”.
Cənab Cəfərov müxalifətə və alternativ fikrə yalnız ANS və İctimai televiziyada yer ayrıldığını diqqətə çatdırıb. Bu televiziyalarda isə kəskin tənqidi fikirlər adətən ya yer almır, ya da çox cüzi təşkil edir.
Media hüququ İnstitutu isə Milli Teleradio Şurasını məhkəməyə verməyə hazırlaşır. İnstitutun hüquqşünası Xalid Ağəliyev bildirib ki, Teleradio Şurası xarici radiolardan FM tezliklərini alanda tezliklərin az olduğunu deyib. “Ancaq Şura indiyədək tezliklərin siyahısını ictimaiyyətə açıqlamayıb”.

XS
SM
MD
LG