Accessibility links

Azərbaycanda daha bir qəzet redaktoru həbs edilib  


Dünən Yasamal rayon məhkəmsinin «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid barəsində iki aylıq həbs qəti imkan tədbiri seçməsi beynəlxalq və yerli təşkilatların etirzı ilə qarşılanıb. Xatırladaq ki, müxalifyönümlü qəzetin redaktoru noyabrın 10-da Vüsal Həsənov adlı şəxsin şikayəti əsasında həbs edilib. Vüsal Həsənov baş redaktoru ona qarşı hücum etməkdə və tanışı olan xanıma qarşı xuliqanlıqda təqsirləndirir. Cənab Zahidə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb. Redaktor həbsini siyasi sifariş hesab edir və hakimiyyəti kəskin tənqid etməsi ilə bağlı olduğunu bildirib. Bu gün Jurnalistlərin Hüquqlarını İctimai Müdafiə Komitəsinin iclasında redaktorun həbsi müzakirə olunub. Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva Gürcüstanda və Azərbaycanda azad mətbuatın susdurulması kampaniyasının eyni mərkəzdən idarə edildiyini bildirib. Onun fikrincə, regionun hüquq-müdafiəçilərinin söz azadlığı uğrunda forumu yaradılmalıdır. Qənimət Zahid Azərbaycanda həbsdə olan 9-cu jurnalistdir. AXCP sədri Əli Kərimli hesab edir ki, azad mətbuatın susdurulması 2008-ci il prezident seçkilərinədək demokratik təsisatların və müxalifətin məhvinə xidmət edir. "Azadlıq" qəzetinin redaktorunun həbsi ABŞ-da müəyyən narahatlıqlar doğurur». Bu sözləri isə bu ölkənin Azərbaycandakı səfiri Enn Dersi «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. «Biz müxtəlif yönümlü müxalifət mətbuatına olan münasibəti də izləyirik və bu münasibətlər jurnalistlərin döyülməsində, həbs olunmasında öz təcəssümünü tapır. Bu amilləri cəmləşdirəndə belə təəssürat yaranır ki, müstəqil və müxalifət mətbuatına qarşı bir növ kampaniya başlanıb». Onun fikrincə, son zamanlar mediaya qarşı yönələn kampaniya Azərbaycanı zəiflədir. "Eyni zamanda, bu kampaniya Azərbaycanın beynəlxalq imicinə xələl gətirir. İnanmaq istərdim ki, Azərbaycanda yaşayan, həqiqətən Azərbaycanı sevən və həqiqətən vətənpərvər şəxslər sözün tam mənasında müstəqil, müasir, demokratik, güclü dövlət görmək istəyirlərsə, ABŞ-ın mediaya qarşı yönələn kampaniyanı dayandırmaq çağrışını dəstəkləyəcək". Səfir neftlə zəngin digər ölkələrin təcrübəsinə istinadən deyib ki, güclü və müstəqil təsisatları olmadığı halda, neft gəlirlərinin oğurlanması və ya neft gəlirləri sahəsində bədxərcliyin ehtimalı yuxarı qalxır. "Neft hasil edən başqa dövlətlərin təcrübəsinə istinadən deyə bilərəm ki, demokratik və müstəqil fəaliyyət göstərən təsisatların olmadığı təqdirdə korrupsiyanın səviyyəsi də çox yuxarı qalxır. Korrupsiya inkişafa xələl yetirməklə yanaşı, həm də milli təhlükəsizliyə xələl yetirən amildir. Məhz korrupsiyaya uğramış rəsmilər müxtəlif bədxərcliyə yol verə bilər, respublikaya lazım olmayan və ya təhlükəli insanların, hansısa təhlükəli materialların gətirilməsinə yol verə bilərlər". İqtidarda olan «Yeni Azərbaycan» partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyilənlərin əkisni düşünür. Onun fikrincə, demokratik cəmiyyətlərdə kimliyindən asılı olmayaraq insanlar hərəkətlərinə görə hüquq qarşısında cavab verir. Qənimət Zahid də hərəkətinə görə məhkəmənin qərarı ilə həbs edilib. Bu gün, həmçinin müxalifətdə olan Xalq Cəbhəsi, Demokrat, Müsavat partiyası baş redaktorun həbsini pisləyən bəyantla çıxış edib. Həbsi Avropa Şurasmının Azərbaycan üzrə həmməruzəçisi və mərkəzi qərargahı Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatı da pisləyib.
XS
SM
MD
LG