Accessibility links

Məhkəmə «Azadlıq» qəzetindən amerika diplomatı ilə bağlı məlumatını təkzib etməyi tələb edib 


Bakının Yasamal rayon məhkəməsi iqtisadi inkişaf nazirinin «Azadlıq» qəzetinə qarşı iddiası üzrə qərar qəbul edib. Belə ki, iqtisadi inkişaf naziri Heydər Babayev «Azadlıq» qəzetinin təkzib verməsi, baş redaktor Qənimət Zahid və müxbir Aqil Xəlilin cinayət məsüliyyətinə cəlb edilməsi tələbilə iddia qaldırıb. Nazir qəzetdə dərc olunmuş «Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?» adlı yazıda «Heydər Babayev Metyu Brayza ilə Zeyno Baranın toyunun xərcinin xeyli hissəsini ödəyib» fikrinin həqiqətə uyğun olmadığını bildirir. Hakim Svetlana İsmayılovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi bu gün başa çatıb. Məhkəmə baş redaktor və jurnalistin həbsi ilə bağlı iqtisadi inkişaf nazirinin iddiasını təmin etməyib. Məhkəmə qərarına əsasən «Azadlıq» qəzeti «Heydər Babayev Metyu Brayza ilə Zeyno Baranın toyunun xərcinin xeyli hissəsini ödəyib» fikrinin həqiqətə uyğun olmaması ilə bağlı təkzib verməlidir. «Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid isə «Amerikanın səsi» radiosuna qəzetin cənab Babayevin fikirlərini dərc etməyə hazır olduğunu bildirib. O, eyni zamanda məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. Yeri gəlmişkən bildirim ki, məhkəməndən bir neçə gün öncə, ABŞ-ın Azərbaycandakı səfirliyi "Azadlıq» qəzetində dərc olunan ittihamları «tamamilə əsassız» adlandırıb. Bununla yanaşı səfirlik bildirib ki, böhtan və diffamasiya kriminal cinayət sayılmamalıdır. «Ona görə də biz bu cür hallarda hər hansı cinayət təhqiqatının aparılmasının və ya cinayət ittihamlarının irəli sürülməsinin əleyhinə çıxırıq, hətta "jurnalistlər əsasız şayiələr yayarsa belə"-deyə səfirliyin açıqlamasında deyilir. Dünən isə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Minsk qrupunun amernikalı həmsədri, ABŞ Dövlət katibinin köməkçisi Metyu Brayza Azərbaycanın «Lider» televiziyasına «Azadlıq» qəzetinin yazdıqlarını təkzib edib. «Cənab Heydər Babayevin məhkəmə iddiasını başa düşürəm. Bununla belə, məsələni böyütməmək və unutmaq tərəfdarıyam»-deyə cənab Brayza qeyd edib.
XS
SM
MD
LG