Accessibility links

Azərbaycan büdcəsindən vətəndaş cəmiyyətlərinin layihələrinə 2 milyon 750 min manat ayrılıb  


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ilin maliyyə yardımı müsabiqəsinin qaydalarını müzakirə edib. Müzakirələrdə bir neçə yüz qeyri hökumət təşkilatı iştirak edib. Azərbaycanın müstəqillik tarixində artıq ikinci ildir qeyri hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsi üçün vəsait ayrılır. İndiyədək vətəndaş cəmiyyətlərinin bütün layihələri xarici dövlət və təşkilatların qrantları hesabına maliyyələşib. İndi də dövlət büdcəsindən ayrılan vəsait qeyri-hökumət təşkilatlarının layihələrinin yalnız bir hissəsini əhatə edir.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, 2009-cu ildə Şuranın ümumi büdcəsi 2 milyon 750 min manat təşkil edəcək.Şura sədrinin dediyinə görə, 2008-ci ildə qeyri-hökumət təşkilatlarının layihələrinə 1 milyon 200 min manat məbləğində maliyyə dəstəyi verilib. Bu il 365 qeyri-hökumət təşkilatı Şuraya müraciət edib. Onlardan 190-nın təklifi müsbət qarşılanıb. Layihələrin 43-ü insan hüquq və azadlıqlarını dəstəkləməklə bağlıdır. O 2008-ci ildə maliyyələşən layihələrin hamısının yerinə yetirildiyini bildirib.Müzakirələrdə çoxsaylı təkliflər də irəli sürülüb. Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov bildirib ki, qeyri-hökumət təşkilatlarına qrant ayrılandan sonra vətəndaş sektorunda ciddi təkan yaranıb. Bununla yanaşı, o problemlərin olduğunu da deyib.

Ekoloji Proqnozlaşdırma mərkəzinin rəhbəri Telman Zeynalov hesab edir ki, layihələrin qiymətləndirilməsi zamanı neft sektoru ilə yanaşı qeyri neft sektoruna da ciddi önəm verilməlidir. Onun fikrincə, qiymətləndirmə aparılarkən ekologiya, sağlamlıq və ətraf mühitlə bağlı layihələr ayrıca diqqət mərkəzində olmalıdır. Çıxış edənlər qanunların icrası və büdcə vəsaitlərinin xərclənməsinin monitorinqinin aparılması ilə bağlı layihələrə ciddi ehtiyac duyulduğunu önə çəkib. Onların fikrincə, bu sahələrdə şəffaflığa ehtiyac duyulur. Sevdim Rəhmanov intellektual cəmiyyətin formalaşmasında şəffaflığın mühüm önəmini qeyd edib.

Forumda işsizlik, pensiyaçıların hüququ, regionlarda vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərsizliyi, erkən nigahlar, hərbi hissələrdə monitorinqlərin keçirilməsi, demoqrafiya elm, əsir və girovluqdan azad edilənlərin reabilitasiyası, Azərbaycan dili, milli ideologiya ilə bağlı layihələrə önəm verilməsi də təklif edilib. Natiqlərin əksəriyyəti isə qaçqınlar, məcburi köçkünlər, deportasiya və müharibə qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı layihələrə üstünlük verib.

XS
SM
MD
LG