Accessibility links

Azərbaycanda yeni il təntənələri, 2007-ci ilin yekunları  


Azərbaycan bu il yeni ili daha təntənəli qarşılayıb. Tarixdə ilk dəfə olaraq ölkənin baş meydanı - «Azadlıq» meydanında yeni il təntənələri keçirilib və kifayət qədər gürultulu atəşfəşanlıq olub. Təntənələrdə on minlərlə insan iştirak edib. Bu həm də özlüyündə neft pullarının ölkənin həyatına təsirindən xəbər verir. Prezident İlham Əliyevin xalqa təbrikində deyilir ki, 2007-ci il Azərbaycanın hərtərəfli inkişafı üçün çox uğurlu il olub. «2007-ci ildə Azərbaycan öz beynəlxalq mövqelərini möhkəmləndirib, böyük iqtisadi inkişafa nail ola bilmiib. Bizim ölkəmiz çox sürətlə inkişaf edir. Ölkəmizin bütün sahələri çox uğurla və sürətlə inkişaf edir. İqtisadi inkişafda Azərbaycan üçüncü ildir ki, dünyada öz mövqelərini, liderlik mövqelərini saxlaya bilmib». Onun dediyinə görə, 2005-ci ildə Azərbaycan iqtisadiyyatı 26 faiz, 2006-cı ildə isə 35 faiz artıb. «Bu yüksək dinamika 2007-ci ildə də saxlanılıb. Bu il Azərbaycan iqtisadiyyatı 25 faiz artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir və şübhəsiz ki, Azərbaycanın bütün inkişafına çox böyük dərəcədə müsbət təsir göstərən amildir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə bütün sahələrdə irəliləyiş, canlanma müşahidə olunur. Bizim büdcə xərclərimiz artır. 2003-cü illə müqayisədə büdcə xərclərimiz 10 dəfə artıb. Azərbaycanın icmal büdcəsi gələn il 12 milyard dollar təşkil edəcək. Bu, çox böyük rəqəmdir və bizə imkan verəcək ki, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirə bilək». Dövlət başçısı bildirib ki, Azərbaycanda dörd ilə yaxındır regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı icra olunur. Bu proqramın Azərbaycanın bölgələrinin inkişafının təmin edilməsi üçün çox böyük rolu olub. «Böyük qürur hissi ilə deyə bilərəm ki, bu dörd il ərzində Azərbaycanda 600 mindən çox yeni iş yeri açılıb ki, onların da 460 mini daimi iş yeridir». Prezident 2007-ci ildə minimum əmək haqqı və pensiyaların artırıldığını deyib. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqları da artırılıb. «2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 faiz artacaq və 60 manata çatacaq. Bu, böyük irəliləyişdir. Ancaq, əlbəttə, bu rəqəm hələ ki, bizi tam şəkildə qane edə bilməz. Biz istəyirik ki, Azərbaycan vətəndaşları - istər dövlət təşkilatlarında işləyənlər, istərsə də pensiyaçılar normal əmək haqları və pensiyalar alsın. Bu əmək haqları və pensiyalar onların bütün tələbatlarını ödəyə bilsin». Onun sözlərinə görə, son dörd ildə Azərbaycanda 1200-dən çox yeni məktəb tikilib, yüzlərlə məktəb təmir olunub və bu proses 2008-ci ildə davam etdiriləcək. «Onlarca yeni xəstəxana, poliklinika tikilməsi, ən ucqar yerlərdə yüksək səviyyəli tibbi xidmətin təmin edilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanda sosial sahənin inkişafı üçün çox vacib olan amillərdir və şübhəsiz ki, 2008-ci ildə bu sahəyə daha da böyük diqqət göstəriləcək». Cənab Əliyev hesab edir ki, 2007-ci ildə Azərbaycanın gələcək inkişafı üçün çox böyük və tarixi hadisələr baş verib. «2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, demək olar ki, tam gücü ilə işləməyə başlayıb. Vaxtilə bu layihəyə şübhə ilə yanaşan, yaxud da ona əngəllər törətmək istəyənlər artıq görürlər ki, buna nail ola bilmədilər. Biz qarşıda duran bütün vəzifələri uğurla icra etmişik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və uğurla fəaliyyət göstərməsi, əlbəttə ki, Azərbaycanın iqtisadi potensialını artırır. Bu il biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına nail olmuşuq. Azərbaycan qazı həm ölkə əhalisinin tələbatını ödəyir, - gələcək illərdə daha da böyük həcmdə ödəyəcək, - həm də qonşu ölkələrə ixrac edilir. Bu gün biz öz qaz imkanlarımızdan istifadə edib bölgədə siyasi və iqtisadi gücümüzü möhkəmləndiririk. Artıq üç ölkəyə Azərbaycan qazı ixrac edilir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənəcək. Bu, bizə həm iqtisadi dividendlər gətirəcək, həm də siyasi mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilir və biz bundan olduqca məmnunuq». Dövlət başçısı 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun təməli qoyulduğunu bildirib. «Bu layihə uzun illər idi ki, müzakirə mövzusu idi. Ancaq bunu həyata keçirdik, reallığa çevirdik. Baxmayaraq ki, bu layihəyə beynəlxalq maliyyə qurumları tərəfindən o qədər də böyük dəstək yox idi, əksinə, bəzi xarici qüvvələr bu layihəni əngəlləmək üçün böyük səylər göstərib. Amma bizim iradəmiz, qonşu, dost ölkələrin birgə fəaliyyəti imkan verdi ki, buna da nail olduq. Bunun Azərbaycan üçün və xalqımız üçün çox böyük tarixi əhəmiyyəti olacaq. Bu dəmir yolunun tikintisi ilə özümüzü Türkiyə ilə birləşdiririk, Avropanı Asiya ilə birləşdiririk və beləliklə, Azərbaycan tranzit ölkə kimi nəinki enerji, eyni zamanda, nəqliyyat baxımından əvəzolunmaz ölkəyə çevrilir». Prezident Ermənistan-Azərbaycan münaqişəsi, əfsuslar olsun ki, 2007-ci ildə öz həllini tapmadı deyə qeyd edib. «Amma günah bizdə deyil, günah Ermənistanın qeyri-konstruktiv mövqeyindədir. Biz danışıqlara hazırıq və bu danışıqları aparırıq. Baxmayaraq ki, danışıqların hələ heç bir nəticəsi yoxdur. Sadəcə olaraq, biz çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək, beynəlxalq hüquq əsasında həll edək. Əfsuslar olsun, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, işğalçı siyasəti imkan vermədi ki, biz 2007-ci ildə bu məsələni həll edək. Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaq. Beynəlxalq ictimaiyyət isə Dağlıq Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq. Biz danışıqları bu istiqamətdə aparırıq. Sizə deyə bilərəm ki, danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları – məcburi köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də Dağlıq Qarabağa qayıtsınlar. Bu, bizim prinsipial mövqeyimizdir və bu mövqedən bir addım da kənara çıxmayacağıq. Ermənistan bunu nə qədər tez başa düşsə, onlar üçün bir o qədər yaxşıdır. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını həll etmək istəyirlərsə, onu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etsinlər, yaxud da əgər bunu istəmirlərsə, onda Dağlıq Qarabağdan çıxıb başqa yerdə özləri üçün ikinci dövlət yaratsınlar. Hər halda, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür». Cənab Əliyev bununla yanaşı, ordu potensialının da gücləndirildiyini bəyan edib. «Biz danışıqlara sadiqik, danışıqlar prosesi gedir və hələ bir müddət gedəcək. Hələ ki, bizim ümidlərimiz tam tükənməyib. Ancaq biz hər şeyə hazır olmalıyıq». Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycanın ordu potensialı böyük dərəcədə artırılıb. «Artıq bir neçə ildir ki, hərbi xərclərə yüz milyonlarla dollar yönəldilir. Bu il bizim hərbi xərclərimiz təxminən bir milyard dollar səviyyəsində idi. Gələn il bu, ən azı, 1 milyard 200 milyon dollar səviyyəsində olacaq. Hər halda, Azərbaycanın dövlət büdcəsində bu məbləğ nəzərdə tutulub. Biz yeni silahlar alırıq, yeni avadanlıq alırıq, ordumuzun peşəkarlığını yüksəldirik. Müdafiə sənayesi yaratmışıq və artıq müdafiə sənayesi ordumuz üçün lazım olan silah-sursatı istehsal edir. Deyə bilərəm ki, bu sənaye məxfi xarakter daşıyır, ona görə ictimaiyyət bu barədə böyük bilgilərə malik deyildir. Ancaq bilin ki, bu sahədə lazımi səviyyədə işlər görülür və Azərbaycanın ordu potensialı möhkəmləndirilir. Biz ordumuzu ona görə gücləndiririk ki, öz doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad etməyə hər an hazır olmalıyıq». Dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə də xalqı təbrik edib. «Bu gün Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu bayram bizim üçün çox əzizdir. Mən əminəm ki, dünyada yaşayan bütün azərbaycanlılar 2008-ci ildə daha da sıx birləşəcək. Azərbaycan dövləti buna nail olmaq üçün əlindən gələni edir. Azərbaycanda keçirilən dünya azərbaycanlılarının qurultayları, müxtəlif tədbirlər azərbaycanlıların birləşməsinə xidmət göstərir. Azərbaycanlılar müxtəlif ölkələrdə yaşayırlar, ancaq bizim hamımızın, bütün azərbaycanlıların bir dövləti var – müstəqil Azərbaycan Respublikası. Bir vətəni var - Azərbaycan. Biz öz doğma xalqımıza daha da böyük xidmət göstərməliyik, öz doğma dövlətimizi gücləndirməliyik. Mən əminəm ki, 2008-ci ildə bu istiqamətdə işlər uğurla gedəcəkdir və biz güclü Azərbaycan dövlətini yaradacağıq». Öz növbəsində, müxalifətdə olan siyasi partiya liderləri Azərbaycan prezidentinin 2007-ci ildəki uğurlarla bağlı dedikləri ilə razılaşmır. AXCP sədri Əli Kərimli 2007-ci ili korrupsiya, rüşvət, infilyasiya ilə zəngin li kimi xaraktreizə edir. Cənab Kərimli Azərbaycan hökumətinin Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində apardığı siyasəti də düzgün hesab etmir. Onun fikrincə, ötən ilin dekabrında Madrid görüşündə ATƏT-ə üzv dövlətlətlərin Qarabağda referendum keçirməklə bağlı təklifi qəbul etməyə çağırması əslində Azərbaycan siyasəitinin uğursuzluğunun göstəricisidir. AXCP sədri ötən il demokratiya və mətbuat azadlığı sahəsində də ciddi geriləmələr olduğunu diqqətə çatdırıb.
XS
SM
MD
LG