Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın 14-də Cenevrədə görüşəcək


«Mən yalnız onu demişəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşü konstruktiv olacaq. Bu bir ümiddir. Hər iki nazir martın 14-də Cenevrədə görüş üçün artıq razılıq verib. Həmsədrlər qərara gəlib ki, Cenevrə görüşünü mümkün qədər yaxşı hazırlasın ki, konstruktiv müzakirə aparıb mümkün nəticələrə gələ bilək». Bu barədə Azərbaycan və Ermənistan dövlət başçıları və xarici işlər nazirləri ilə görüşdən sonra ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bu gün Bakıda keçirldiyi mətbuat konrfnasında bildirib.

O martın 12-də yenidən Yerevana səfər edəcək və martın 13-də Cevnevrədə amerikalı və rusiyalı həmsədrlə müzakirələr aparacaq: «Ermənistanda parlament seçkiləri olduğundan danışıqlar prezidentlər arasında birbaşa deyil, Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır. Ermənistan və Azərbaycan rəhbərləri ilə apardığım son danışıqları konstruktiv və səmərəli qiymətləndirirəm».

Cənab Fasye eyni zamanda Cenevrə görüşünün nəticələrinin necə olacağı barədə proqnoz verə bilmir: «Görüşün necə nəticələnəcəyini deyə bilmərəm. Ancaq həmsədrlər çalışır ki, bu görüşdən sonra da danışıqlar müsbət istiqamətdə davam etdirilsin. Prezidentlərin görüşü isə Cenevrə danışıqlarından və sonrakı proseslərdən asılı olacaq. Ümid edirik ki, Cenevrə görüşü proses boyu tikilmiş divara bir neçə kərpic qoymağa imkan verəcək».

Onun fikrincə, Kosovo modeli Ermənitsan-Azərbaycan münaqişəsi üçün presendent ola bilməz. «Kosovo münaqişəsində hətta Priştina və Belqradın qəbul etdiyi variant belə Dağlıq Qarabağ üçün tətbiq oluna bilməz. Burada ikiqat problem var. Birincisi, bu Azərbaycanın daxilində baş verən problemdir. İkincisi, bölgə ilə bağlı iki ölkə arasında baş verən münaqişədir. Dağlıq Qarabağ həm də Azərbaycanın daxilində muxtar statusu olan bölgədir. Kosovada isə vəziyyət belə deyil».

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünə “Praqa prosesi”nin davamı kimi baxılmalıdır. “Azərbaycanın mövqeyi dəyişməyib. Biz müzakirələrin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Azərbaycan BMT-nin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı qətnamələrinin yerinə yetirilməsini istəyir,»-deyə o qeyd edib.

XS
SM
MD
LG