Accessibility links

İran Nabucco layihəsində iştirak etmək istəyir



İranın iştirakı olmadan Nabucco layihəsi reallaşa bilməz. Bu bəyanatla Iranın Azərbaycandakı səfiri Bağır Bəhrəmi bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.
“İranın zəngin qaz ehtiyatları var. Regiondakı layihələr İranın iştirakı olmadan reallaşan deyil. Bizim indiyədək Nabucco layihəsinə daxil olmağımıza mane olan qeyri region ölkələrindən düşmənlərimiz var. İstənilən halda, İran bu layihədə iştirak etməsə, layihə həyata keçməyəcək. Biz həm öz ölkəmizin, həm də region ölkələrinin mənfəətini nəzərə alaraq qərar qəbul edirik”.
Bununla yanaşı, səfir İranın Azərbaycandan 5 milyard kubmetr həcmində qaz almağa hazır olduğunu bəyan edib. ”Bu məsələlər Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Ramazan bayramından sonra İrana səfəri zamanı müzakirə ediləcək. Bundan sonra, İranın neft nazirinin Azərbaycana səfəri olacaq”.
Ötən həftə Aktauda 4 Xəzəryani dövlət başçısının görüşünə toxunan səfir, dənizin hüquqi statusunun yalnız 5 ölkənin hamısının razılığı ilə həll ediləcəyini deyib. “Xəzərin hüquqi statusu ilə bağlı sənədin layihəsinin artıq 70-80% razılaşdırılıb. Beş sahilyanı ölkənin birinin iştirakı olmadan məsələ həll oluna bilməz. Rusiya və Qazaxstanın prezidentləri İrana bildirib ki, Aktau toplantısı qeyri-rəsmidir və Xəzərlə bağlı məsələ müzakirə edilmir. Ancaq, həm beynəlxalq qanunlar, həm də bu ölkələrin keçirdiyi iclasın nəticələri beş sahilyanı dövlətin hamısının toplantıya qatılmasını tələb edirdi”.
Səfir İranda son prezident seçkiləri ilə bağlı sualın cavabında prezidentliyə müxalif namizəd Mehdi Kərrubinin həbsdə olması ilə bağlı məlumatları təkzib edib. “Mehdi Kərrubi həbsdə deyil. Onun dünən İran parlamentinin sədri Laricani ilə iki saatlıq görüşü olub. Əlbəttə, bütün dövlətlərdə olduğu kimi İranda da hamı qanun qarşısında bərabərdir və qanunu pozan istənilən şəxs məsuliyyət daşıyır”.
Səfir İran konstitusiyasının bütün xalqların öz dilində təhsil almasını ehtiva etdiyini və bunun yerinə yetirilməməsinin, xüsusilə azərbaycanlıların ana dilində məktəblərinin olmamasının səbəbləri ilə bağlı suala birmənalı cavab verməyib. Onun fikrincə, bütün İran bir xalqdır. “Biz İranı bir xalq hesab edirik. Fars, türk, ərəb, əcəm, lor, kürd, bəluc millətlərinin hamısı İran adlı vətəndə yaşayır. İslam prinsipləri daxilində dil və irqçiliyin heç bir mövqeyi yoxdur”.
İqtisadi-ticarət əlaqələrinə toxunan səfir ötən il mal dövriyyəsinin 670 milyon dollar təşkil etdiyini bildirib. “Ancaq ticarət potensialı tam istifadə edilmir”.
Cənab Bəhrəmi Ermənistan-Azərbaycan münaqişəsinin region dövlətlərinin vasitəçiliyi ilə həllini real sayır. “Tarix sübut edib ki, heç bir işğalçı dövlət işğal etdiyi ərazidə qala bilməyib. İran həmişə Azərbaycan ərazilərinin işğalını məhkum edib və indi də məhkum edir. Qarabağ problemi yalnız region dövlətlərinin vasitəçiliyi ilə həll edilə bilər. Kənar dövlətlər 17 ildir problemi həll edə bilmir. Məsələn, Minsk Qrupu. Onlar öz mənafelərini güdür. Şübhəsiz ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Dağlıq Qarabağ öz anası Azərbaycanın qucağına qayıdacaq”, - deyə səfir bildirib.

XS
SM
MD
LG