Accessibility links

Azərbaycanla Belorus arasında on sənəd imzalanıb


Azərbaycanla Belorus arasında əlaqələr dinamik inkişaf edir. Bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Belorus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib. Onun sözlərinə görə, tərəflər çox vacib iqtisadi layihələr reallaşdırır. O həmçinin siyasi sahədə əlaqələrin inkişafının və iki dövlətin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətinin vacibliyini qeyd edib. Cənab Lukaşenko qeyd edib ki, Azərbaycan və Belorus arasında dostluq əlaqələri prezident və daha aşağı səviyyə rəhbərləri səviyyəsində inkişaf edir. İkitərəfli münasibətlər heç vaxt indiki kimi intensiv inkişaf etməyib. "Bu münasibətlər qarşılıqlı mənfəət mərhələsindədir". Onun sözlərinə görə, Belorus ilə Azərbaycan arasında əməkdaşlığın inkişafını arzulamayan ölkələr var. «Lakin biz bunu kimin üçünsə deyil, ölkələrimizin rifahı naminə edirik". Azərbaycan prezidenti İlham Əliyevlə Belorus prezidenti Aleksandr Lukaşenkonun danışıqlarının nəticələrinə əsasən 10 saziş imzalanıb. İki dövlət başçısı Dostluq və Əməkdaşlıq haqqında Müqavilə imzalayıblar. Həmçinin baytarlıq; bitkilərin karantini və mühafizəsi; məxfi məlumatın mühafizəsi; bir-birlərinin ərazisində müvəqqəti işləyən iki ölkə vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında beynəlxalq sazişlər imzalanıb. Bundan başqa, Azərbaycan QKDK və Belorus Maliyyə Nazirliyi; iki ölkənin Milli Bankları; Dövlət Əmlakının İdarəetməsi üzrə Dövlət Komitələri; Standartlaşdırma və Metrologiya Agentlikləri arasında əməkdaşlıq haqqında idarələrarası sazişlər imzalanıb. Həmçinin iki ölkə milli akademiyaları arasında 2007-ci ildən 2010-cu ilədək əməkdaşlıq proqramı təsdiq edilib. İmzalanma mərasimindən sonra suallara cavabda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Odessa-Brodı neft borusu layihəsinə siyasi dəstək verdiyini bəyan edib. Onun sözlərinə görə, Azərbaycan bu məsələyə enerji resurslarının ixracı marşrutlarının müxtəlifləşdirilməsi siyasəti ilə kontekstdə baxır. «Hazırda mütəxəssislər Odessa-Brodı layihəsinin iqtisadi aspektlərini öyrənirlər və o ticarət cəhətdən məqsədəuyğun olarsa, bu istiqamətdə iş başlaya bilər». Cənab Əliyev həmçinin Belorus şirkətlərinin Azərbaycandakı neft yataqlarına marağını alqışlayıb. Hazırda onların belə layihələrdə iştirakının mümkünlüyü haqda danışıqlar aparılır. "Biz artıq il yarım öncə əldə edilmiş razılaşmaların konkret nəticələrini görürük. Azərbaycanda Belorus müəssisələrinin məhsulları istehsal edilir. Artıq neft-qaz əməliyyatları, maşınqayırma, hərbi sənaye sahələrində fəal əməkdaşlıq konturları müəyyən edilir. Humanitar və hərbi-texniki sahələrdə fəal əməkdaşlıq aparılır" - deyə o qeyd edib. Qısa müddət ərzində iki ölkə səfirlikləri fəaliyyətə başlayıb, aviareyslər açılıb. Gəncədə Belorus traktorları və yük maşınları istehsal edilir.
XS
SM
MD
LG