Accessibility links

Türkmənistanın Azərbaycanla bağlı bəyanatı Nabuccoyla  bağlı ola bilər



Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov hökumətə Xəzərdə Azərbaycanla mübahisəli sayılan neft yataqları ilə bağlı Beynəlxalq Arbitraj məhkəməsinə müraciət edilməsi barədə göstəriş verib.
Türkmənistanın dövlət informasiya agentliyinin məlumatına görə, Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toyli Komekov bildirib ki, Xəzər dənizinin dibinin və təkinin bölünməsi məsələləri üzrə bu ilin iyulunda Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqlarında mübahisəli ərazidə neft-qaz yataqlarının mənsubluğu haqda mövqeləri fərqli olduğundan konsensus əldə olunmayıb.
Prezident Berdımuhəmmədov isə deyib ki, mübahisəli “Ömər” və “Osman” neft və qaz yataqlarının istismarı Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. Qeyd edək ki, bu yataqları Azərbaycan “Azəri” və “Çıraq” adlandırır və onlar 1994-cü ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən işlədilən Azəri – Çıraq - Günəşli blokunun tərkibinə daxildir.
Türkmənistan prezidenti həmçinin, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yatağın mənsubluğu ilə bağlı iradı olduğunu bildirib. “Yaranmış vəziyyət Xəzərin türkmən şelfinin təbii resurslarının tam miqyasda mənimsənməsini gecikdirir, regionun iqtisadi inkişafı, dənizin və sahilin ekoloji vəziyyətinin qorunması üzrə mühüm proqramların həyata keçirilməsini ləngidir”, - deyə prezident qeyd edib.
Dövlət başçısı baş nazirin müavini Rəşid Mərədova Azərbaycanın mübahisəli yataqlarla bağlı iradlarının, habelə xarici neft-qaz şirkətlərinin onların işlənməsində və mənimsənməsində iştirakının qanunauyğunluğunu öyrənmək üçün nüfuzlu beynəlxalq ekspertləri cəlb etməyi və sonra hazırlanmış sənədlərə baxılması üçün Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim etməyi tapşırıb.
Prezident bəyan edib ki, Xəzər məsələsi və konkret olaraq, Xəzərin dibinin və təkinin bölünməsi prinsipinin razılaşdırılması Türkmənistan üçün birinci növbəli və təxirəsalınmaz vəzifədir.
Azərbaycanda rəsmi səviyyədə Türkmənistan prezidentinin bəyanatına münasibət bildirilməyib. Amma ötən ilin payızında prezident İlham Əliyev iki ölkə ekspertləri arasında uzun illər aparılan danışıqlardan sonra “Kəpəz” yatağının birgə istismar edilməsini təklif edib.
Yeri gəlmişkən xatırladaq ki, əvvəllər “Aralıq” adlandırılan Kəpəz yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən tədqiq edilib və hələ Sovet dönəmində iki sovet respublikasının dəniz sektorunun kəsişməsinə düşüb. Sonradan hər iki tərəf müxtəlif vaxtlarda qərb və Rusiya şirkətlərinin cəlb edilməsi ilə yatağın işlənməsinə cəhd edib, amma bu cəhdlər bəyanatdan uzağa gedə bilməyib.
“Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Türkmənistanın hərəkətlərinin arxasında Rusiyanın durduğunu bildirir. Cənab Quluzadə türkmən liderinin hərəkətlərini Rusiya prezidentinin Almaniyada “Nabucco kəmərinin hansı qazla doldurulacaq sualıma cavab verən yoxdur” bəyanatının davamı sayır.
Politoloq vaxtı ilə Bakı-Tbilisi-Ceyhan kəmər layihəsi ortaya gələndə də Türkmənistan-Azərbaycan münasibətlərini gərginləşdirənlərin olduğunu yada salıb. Bununla da iki qardaş ölkə arasına münasibətlərdə soyuqluq yarandı və o vaxt Nabucco ideyasının reallaşdırılması mümkün olmadı. Ancaq, cənab Quluzadə hesab edir ki, maneələrə baxmayaraq Bakı-Tbilisi-Ceyhan kəməri tikildiyi kimi, Nabucco da reallaşacaq.
“Xəzər: - Gələcək naminə tərəfdaşlıq, beynəlxalq əməkdaşlıq” ictimai birliyinin rəhbəri Rüstəm Məmmədov da Türkmənistanın hərəkətlərinin arxasında Rusiyanın dayandığını güman edir. Onun fikrincə, Xəzərdə gərginlik yaradılması məsələsi Avropa İttifaqına qarşı yönəlib və məqsəd Nabucco qaz kəmərinin iflasa uğradılmasıdır.
Ekspert hesab edir ki, Türkmənistan prezidentinin bəyanatı Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesini poza bilər. Bu isə öz növbəsində, Nabucco layihəsinə qarşı olan Rusiya və İranın maraqlarına cavab verir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, İranın Nabucco kəməri ilə bağlı siyasəti onun özünə qarşı yönələ bilər. Politoloq bununla həm də İranın daxili vəziyyətinin gərginliyinə işarə edir.


XS
SM
MD
LG