Accessibility links

BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnaməsi Azərbaycanda dəstəklənir


Martın 24-də BMT Təhlükəsizlik Şurası yekdilliklə uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyi üçün Tehrana qarşı daha sərt sanksiyaları nəzərdə tutan 1747 saylı qətnaməni qəbul edib. Sanksiyalar İranın nüvə və raket proqramlarında iştirak edən 28 təşkilatın və rəsmi şəxsin, həmçinin İranın ən iri dövlət banklarından biri "Sepah"ın xarici hesablarının dondurulmasını nəzərdə tutur. BMT Təhlükəsizlik Şurası İrandan silah ixracına da qadağa qoyub. Eyni zamanda, bütün ölkələrə İrana silah ixracından, İranın nüvə və raket mütəxəssislərini qəbul etməkdən imtina etmək təklif edilib. Nəhayət, TŞ bütün dövlətləri və beynəlxalq maliyyə təşkilatlarını İrana borc və digər növ maliyyə yardımı verməməyə çağırıb. Təhlükəsizlik Şurasının qətnaməsi Azərbaycan ictimaiyyəti və müxalifəti tərəfindən tam dəstəklənir. Bununla yanaşı, müşahidəçilər hesab edir ki, sənəd İranla qonşu olan Azərbaycan üçün müəyyən problemlər də yaradacaq. Belə ki, Azərbaycanla İran bir neçə birgə iqtisadi laiyihələrdə iştirak edir və bu ölkənin rəsmi şəxsləri, o cümlədən Təhlükəsizlik Şurası və Müdafiə nazirliyi sistemində çalışanların Azərbaycana vaxtaşırı səfərləri olur. Azərbaycanın İranda keçmiş səfiri Nəsib Nəsibli bu sanksiyaının da Tehran rejiminin nüvə silahı yaratmaq cəhdindən əl çəkməsi üçün bəs etməyəcəyi fikrindədir. Keçmiş səfir Azərbaycanın sanksiyaya bütövlükdə əməl etməsini vacib sayır. Onun fikrincə, rəsmi Bakı İranın hərbi və iqtisdai cəhətdən güclü qonşu olmasını da nəzərə almalıdır. Cənab Nəsibliyə görə, TŞ qətnaməsi Azərbaycan-İran iqtisadi əlaqələrinə və birgə iqtisadi layihələrin həyata keçirilməsinə təsir etməyəcək. BMT TŞ-nin qətnaməsinə rəsmi Bakının mövqyeinə gəlincə, bu çox maraqlı və anlaşılmazdır. Xarici işlər nazirliyinin Mətbuat və inforamsiya siyasəti idarəsinin birinci katbibi Xəzər İbrahim «Azərbaycan qəbul olunmuş qətnamənin vacibliyina anlayır», deməklə kifayətlənib. O sənədin Azərbaycan-İran münasibətlərinə təsiri barədə suallarımı isə cavabsız buraxıb. Müxalifətdə olan siyasi partiyalar BMT TŞ-nin qətnaməsini birmənalı dəstəkləyir və açıq mövqe nümyaiş etdirir. Müxalfiət eyni zamanda İran rejiminin Azərbaycan ərazisini işğal etmiş Ermənistana siyasi və iqtisadi dəstək verdiyini, İranda yaşayan azərbaycanılıların mədəni hüquqlarına belə hörmət etmədiyini də dilə gətirir. Azərbaycan baş nazirinin keçmiş müavini, Müsavat partiyasının Məclis üzvü Hikmət Hacızadə Azərbaycan hökumətinin BMT TŞ-nin qətnaməsinə ikili standartla yanaşdığı halda müxalifətin ciddi tənqidinə məruz qalacağını deyib. Cənab Hacızadənin fikrincə, BMT-nin İraqa qarşı qənamələri də bəzi dövlətlər tərəfindən ikili standartlarla qarşılanıb və sonradan bu yanaşma həmin dövlətlərə qarşı çevrilib. Müstəqil politoloq İlqar Məmmədov hesab edir ki, İranın nüvə silahına malik olması ilk növbədə Azərbaycana və digər qonşu dövlətlərə qarşı təhlükədir. Bununla yanaşı, politoloq Azərbaycanın hazırki mərhələdə qətnaməni siyasi cəhətdən aktiv dəstəkləməsinin əleyhinədir. Cənab Məmədov eyni zamanda siyasi mövqedən fərqli olaraq Azərbaycan tərəfinin BMT TŞ-nin qətnaməsini tam şəkildə yerinə yetirməsini vacib sayır.
XS
SM
MD
LG