Accessibility links

Metyu Brayza:  Azərbaycan ABŞ-a bel bağlaya bilər


ABŞ dövlət katibinin müavini, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bu gün Bakıda regiona səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O Ermənistan, Dağlıq Qarabağ, Gürcüstan, Türkiyə və Azərbaycanda səfərdə olub. Cənab Brayza bildirib ki, son 17 ildə ABŞ daim Azərbaycanın yanında olub. “Azərbaycan həm dinc, həm də çətin anlarda ABŞ-a bel bağlaya bilər. Biz hələ qarşıdan gələn çox illər ərzində də tərəfdaş olaraq qalacağıq”. Həmsədr bir daha ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib. “Biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin əldə edilməsinə sadiq qalırıq. Bu həll yolu ərazi bütövlüyünün tanınması prinsipi ilə başlayaraq beynəlxalq təcrübələri və qanunu nəzərə alır. Həll yolunun tapılması indi əvvəlkindən daha da vacibdir. Belə bir nəticənin əldə edilməsi regionda sülhü və sabitliyi, eləcə də Azərbaycanın təhlükəsizliyini möhkəmləndirəcək”. O qeyd edib ki, Rusiyanın suveren Gürcüstan ərazisinə hücumundan sonra keçən altı həftə münaqişənin həllinin tapılması, eləcə də regionda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün əsasların tapılması yolunda səylərimizi artırıb. “Bu yalnız Gürcüstanın öz yurdundan didərgin düşmüş 100 000 insanı üçün deyil, həm Azərbaycan, həm də bütövlükdə region üçün lazımdır. Bu baxımdan ABŞ öz dostu və tərəfdaşı olan Azərbaycanla münasibətlərini bütün sahələrdə dərinləşdirməyə hazırdır”.Həmsədr hesab edir ki, Gürcüstanda baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsinin vaxtında həllinin vacibliyini xüsusilə ortaya qoyub. “Vaşinqtonda bunu yaxşı başa düşürlər və bu həftə mənim səfərimin məqsədi də bundan ibarətdir. ABŞ həm ayrılıqda, həm ikitərəfli qaydada daha yüksək səviyyədə və sıx əməkdaşlıq şəraitində bu regionda sülhün və sabitliyin yaranmasına kömək etmək üçün səylərini artıracaq. Həm ABŞ, həm də Azərbaycan bu məqsədi bölüşür. Ümid edirik ki. Rusiya Gürcüstanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirərkən, biz Minsk Qrupu çərçivəsində əməkdaşlığımızı bərpa edə biləcəyik”. Cənab Brayza ABŞ-ın Azərbaycanla birgə marağının həm də enerji ehtiyatlarının işlənməsi ilə bağlı olduğunu bildirib. “Hazırda Azərbaycan regiona və dünya bazarlarına artan həcmlə neft və təbii qaz ixrac etməklə yanaşı, istehsalı və nəqli genişləndirmək potensialına da malikdir. Bu xüsusilə Avropa bazarlarında böyük ehtiyac duyulan təbii qaza aiddir. ABŞ və Azərbaycan Xəzərin cənub hissəsində resursların bundan sonra da işlənməsi və bu resursların ixracını həyata keçirəcək kəmərlərin Cənub Dəhlizini dəstəkləyir”-deyə o qeyd edib. Həmsədr suallara cavabda Rusiya rəhbərliyinin ünvanına bir sıra ciddi ittihamlar səsləndirib. O hesab edir ki, Minsk Qrupunda Rusiya ilə birgə işləmək yalnız Rusiya prezidentinin Fransa prezidenti Nikolya Sarkozi ilə əldə edilmiş qoşunların Gürcüstandan çıxarılması haqda razılaşmanı yerinə yetirdikdən sonra mümkün olacaq. ABŞ rəsmisi Rusiyanın Gürcüstanı qorxutmaq üçün hərbi müdaxilə etdiyini deyib. “Rusiyanın Gürcüstana qarşı hərəkətləri yolverilməzdir. Rusiya ordusu Gürcüstan ordusu 100 dəfə, əhalisi isə 33 dəfə çoxdur. Rusiyanın hərəkətləri 18-19-cu əsrlərin təzahürüdür. Ümid edirik ki, Rusiya 21-ci əsr düşüncəsinə qayıdacaq”. O Rusiya xarici işlər nazirinin Qarabağ münaqişəsinin digər münaqişələrlə heç bir oxşarlığı olmaması haqda dediklərini Moskvanın danışıqlar prosesinə qayıtmaq cəhdi kimi qiymətləndirib. Moskvanın ünvanına tənqidi davam etdirən cənab Brayza Kremli beynəlxalq prinsipləri pozmaqda və ikili standartlarda ittiham edib. “Çeçenistanda müharibə zamanı Rusiya ərazi bütövlüyü prinsipinin prioriteti haqqında danışıb. Lakin Gürcüstandakı hadisələr zamanı Moskva açıq-aşkar bu prinsipi pozub”. Dövlət katibinin köməkçisi Ankaranın Qafqazda sabitlik Platforması yaratmaq haqqında ideyasını da tənqid edib. Türkiyəni başa düşdüyünü deyən cənab Brayza Rusiyanın bu platformada olmasının istənilmədiyini açıq deyib. “Türkiyə və Azərbaycan ABŞ-ın dostudur. Ancaq necə olur ki, bu paktda Türkiyənin dostu olan ABŞ və Avropa Birliyi ölkələri iştirak etmir, Rusiya iştirak edir. Tbilisi isə ərazisini işğal edən Rusiya ilə bir paktda olmaq istəmir”. Cənab Brayza “Amerikanın səsi” radiosunun Azərbaycan rəsmilərinin ABŞ və qərb partnyorlarının öhdəliklərini yerinə yetirməməsi barədə tənqidləri ilə bağlı sualının cavabında bildirib ki, Azərbaycanda prezident İlham Əliyev, prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev, Müdafiə, Sənaye və Energetika nazirləri və Dövlət Neft Şirkətinin vitse-prezidenti ilə görüşlər keçirib. “Bu görüşlər ABŞ-la Azərbaycan arasında dərin əməkdaşlığın təzahürüdür. Biz effektiv və qarşılıqlı anlaşmalı müzakirələr aparmışıq. Qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”-deyə o qeyd edib.

XS
SM
MD
LG