Accessibility links

ATƏT-in baş katibi Azərbaycan və Ermənistanı sülhə nail olmağa çağırıb


ATƏT-in baş katibi Mark Perrin de Brişambo Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Baş katib prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirdib. Onun fikrincə, Azərbaycan və ATƏT münasibətlərin indiki səviyyəsindən məmnundur. “Azərbaycanla ATƏT arasında ikitərəfli əlaqələr hərbi-siyasi, iqtisadi, demokratiya, insan haqları və söz azadlığı sahələrini əhatə edir. Siyasi-hərbi sahədə Azərbaycan Daxili işlər nazirliyi ilə “Cəmiyyətdə dəstəklənən polis” layihəsini həyata keçiririk, terrorizmə qarşı mübarizə sahəsində təlimlərə dəstək veririk. İqtisadi və ətraf mühit sahəsində korrupsiyaya qarşı mübarizə, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektoru və ətraf mühitlə bağlı proqramlar gerçəkləşdiririk. İnsan azadlıqları ilə balı monitorinqlər, media azadlığı sahəsində isə treninqlər keçiririk. ATƏT-in əsas maraqlarından biri də üzv ölkələrdə müsbət seçki şəraitinin yaradılmasıdır. Bu sahədə də Mərkəzi Seçki Komissiyası və yerli seçki komissiyaları üçün treninqlər təşkil edirik. Azərbaycanda seçki prosesinin ən yaxşı formatda keçirilməsini arzulayırıq”.
Baş katib Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr apardığını deyib. Bu gün və sabah Moskvada Azərbaycan və Ermənistan prezidentləri təkbətək və Minsk Qrupunun həmsədrləri ilə birgə görüşlər keçirəcək. “Prezident Əliyevlə görüşümdə yəqin etdim ki, o münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etməsində maraqlıdır. Prezident istəyir ki, sülh prosesində nəticələr əldə edilsin”.
Cənab Brişambo ATƏT-in Minsk Qrupunun həmsədr ölkə başçılarının Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin nizamlanması üzrə yenilənmiş əsas prinsiplərin təqdim edilməsi ilə bağlı birgə bəyanatını yada salıb. “Bu il artıq dövlət başçılarının 5 görüşü keçirilib və Moskva görüşü olacaq. Bu nizamlanma prosesinin fəallaşmasına bir işarədir. Həmsədrlər tərəfləri mövqelərindəki fərqləri və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. Təqdim edilmiş yenilənmiş prinsip hər iki tərəf üçün qəbul edilən prinsip ola bilməz. Ancaq razılaşmanın əsasıdır. Tərəflər bunların üzərində işləyərək sülhə nail olmağa çalışmalıdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG