Accessibility links

«Azadlıq» qəzetinin redaktoru ona qarşı ittihamları cəfəng dolu nağıl adlandırıb


Yasamal Rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəmə prosesi davam edib. Baş redaktor ötən il noyabrın 10-da xuliqanlıq və bədənə az ağır xəsarət yetirmək ittihamı ilə həbs edilib. İddia guya cənab Zahidovun təhqir etdiyi qızı müdafiə edən Vüsal Həsənov tərəfindən irəli sürülüb. Lakin iddiaçının özü də həbs edilib. İttiham aktı elan edildikdən sonra təqsirləndirilən Qənimət Zahid və Vüsal Həsənov sərbəst ifadə verib. Qənimət Zahid özünü təqsirli bilməyib və ittihamı cəfəngiyatlarla dolu nağıl adlandırıb. «İttihamdakılar 17-18 yaşlı gəncin uydurma dolu cəfəng nağılına bənzəyir. Bu ittiham yalnız mənə deyil, həm də Azərbaycan ziyalısına hörmətsizlikdir. Mən Azərbaycanın milli-azadlıq hərəkatı qədər yaşı olan ölkənin ən tanınmış qəzetinə neçə illərdir rəhbərlik edirəm. İttihamlar o qədər cəfəngdir ki, nə ölkə ictimaiyyəti, nə də beynəlxalq təşkilatlar buna inanmır. Bu mənim həbsim üçün qurulmuş oyundur. Jurnalistlərə həbsxanalarda da yer var. Çünki çoxsaylı problemlərlə dolu olan həbsxanalar da jurnalistləri gözləyir». Baş redaktor məhkəmənin ədalətli qərar qəbul edəcəyini deyib. O hakimə müraciət edərək «müqəddəs quranda da yazılıb ki, etmədiklərinə görə, insanları cəzalandırılanlar allahın qarşısında cavab verəcək». Jurnalistə qarşı ittihamla çıxış edən Vüsal Həsənov da məhkəmədən narazıdır. O iddia ərizəsi verdiyini, istintaqa kömək etdiyini məhkəmə heyətinə xatırladıb. «Şikayətçi mənəmsə, mənim barəmdə niyə həbs qəti imkan tədbiri seçilib. Mən bunu anlamıram»-deyə o qeyd edib. Məhkəmə həmçinin vəkillərin vəsatətlərini də təmin etməyib. Belə ki, vəkillərin iş üçün əhəmiyyət kəsb edən video kasetlərin surətinin müdafiə tərəfinə verilməsi, jurnalistlərin məhkəmənin gedişini diktafona yazması ilə bağlı vəsatətləri təmin edilməyib .Vəkil Rəşid Hacılı «Amerikanın səsi» radiosuna ittihamı əsassız adlandırıb. Vəkil məhkəmənin də ədalətsiz qərar qəbul edəcəyini güman edir. O məhkəmə araşdırmasını ədalətli hesab etmir. Gün ərzində məhkəmə şahidlərin dindirilməsi ilə davam edib. Prosesin gedişini ABŞ, Böyük Britaniya səfirliklərinin nümayəndələri, siyasi partiya rəhbərləri, deputatlar izləyib.
XS
SM
MD
LG